Pensiyalar nə qədər artırılacaq?
Azərbaycanda orta aylıq maaş bu ilin ilk 10 ayında 9,5 faiz artaraq 1087 manata çatıb. Maaşlardakı artım pensiyalarin indeksləşdirilərək hansı faizlə artırılmasının müəyyənləşdirilməsi baxımından da vacibdir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, Azərbaycanda pensiyaların indeksləşdirilməsi 2017-ci ildən etibarən Əmək Pensiyaları haqqında qanuna və pensiya sisteminin hüquqi çərçivəsinə uyğun olaraq həyata keçirilir:
"Pensiyalar əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempi nəzərə alınaraq həmin temp səviyyəsində indeksləşdirilir. Bu o deməkdir ki, 2026-cı ilin yanvarın 1-dən etibarən pensiyalar 2025-ci ildə orta aylıq əmək haqqının artım tempinə uyğun indeksləşdiriləcək. Hazırda bu göstərici 9,5%-dir. Bir ay əvvəllə müqayisədə isə 0,2 faiz bəndi azalıb; yəni əvvəl 9,7% idi. Növbəti aylarda bu göstəricinin kiçik həcmdə dəyişməsi mümkündür. Dəqiq proqnoz vermək çətindir, çünki növbəti ayların iqtisadi vəziyyəti hələ aydın deyil. Ümumiləşdirsək, 2026-cı ilin yanvarından pensiyalar təxminən 9% səviyyəsində indeksləşdiriləcək. Hökumət 2026-cı il üçün inflyasiyanı təxminən 5,5% səviyyəsində proqnozlaşdırır. Pensiyaların isə təxminən 9% artacağı gözlənilir. Nəzərə alsaq ki, pensiyaçılar həssas sosial qrup hesab olunur və onların xərclərinin əhəmiyyətli hissəsi qida və gündəlik tələbat məhsullarına yönəlib, bu məhsulların qiymət artımı orta inflyasiyadan yüksək ola bilər. 2026-cı ildə qida məhsullarında qiymət artımının təxminən 8% olacağı proqnozlaşdırılır. Yəni hiss edilən inflyasiya orta inflyasiyadan yüksək olacaq. Buna baxmayaraq, 2025-ci ildə həm büdcədən maliyyələşən təşkilatlarda əmək haqqının artırılması ilə bağlı qəbul edilən qərarlar, həm də özəl sektorda atılan addımlar nəticəsində pensiyaların təxminən 9% səviyyəsində indeksləşdirilməsi inflyasiya təzyiqlərinə adekvat artım olduğunu göstərir və hətta bundan yüksək səviyyədə pensiya artımı təmin ediləcək".
Qəmər Kazımzadə
