Persi Cekson yenidən ekranlara qayıdır: yeniyetmə aktyorlar şöhrət dünyasına uyğunlaşırlar
Persi Cekson adi yeniyetmə deyil. Eyni sözləri bu obrazı canlandıran aktyor haqqında da demək olar.
Yunan tanrısı Poseydonun oğlu olan Persi məşhur “Disney” serialında yarımtanrı statusuna malikdir. Obrazı canlandıran Uoker Skobellin (Walker Scobell) belə fövqəltəbii gücləri olmasa da, bu, aktyorun karyerasının xüsusi olmasına mane olmayıb.
Rik Riordanın (Rick Riordan) romanları əsasında çəkilən serialda yunan mifologiyasındakı obrazlar və onların övladları müasir dövrdə təsvir olunur. Serialın üçüncü mövsümü – “Titanın lənəti” (The Titan's Curse) cümə günü yayımlanacaq.
Skobell 2023-cü ildə Persi obrazı ilə ekranlara çıxanda 14 yaşında idi. Hazırda 17 yaşı olan amerikalı aktyor bildirir ki, diqqət mərkəzində böyümək özü də ayrıca bir macəra olub.
“BBC Newsbeat”ə danışan aktyor deyib:
“Hər bir mənfi tərəfin müsbət tərəfi də var. İndi restoranlarda masa sifariş etmək daha asandır. Həmçinin bir neçə dəqiqə onlarla söhbət etməklə Persi Ceksonun böyük pərəstişkarlarının gününü gözəlləşdirə bilirsən. Məncə, bu, çox xüsusi hissdir”.
Lakin şöhrətin yalnız müsbət tərəfləri yoxdur.
Bu ilin əvvəlində Skobell “Instagram” hesabında məktəbinin buraxılış gecəsində iştirak etməyəcəyini açıqlamışdı. Buna səbəb onun yaşadığı ərazinin yaxınlığında yaşayan qızlara ünvanlanan ölüm təhdidləri olub.
Persinin ən yaxın dostu Qrover Andervud obrazını canlandıran həmkarı Aryan Simhadri də pərəstişkarları ilə qarşılaşarkən narahatlıq doğuran hadisələr yaşadığını bildirib.
O, “Entertainment Weekly” nəşrinə müsahibəsində təxminən 40 sərxoş universitet tələbəsi qızın onu tanıdığını, onlardan birinin isə əlini arxa cibinə salmağa çalışdığını danışıb.
Bununla belə, aktyor bildirir ki, valideynlərinin dəstəyi sayəsində şöhrət onun həyatına ciddi təsir göstərməyib.
“Şöhrət o qədər də pis olmayıb. Valideynlərim sayəsində normal həyatımı davam etdirə bilmişəm. Onlar çəkilişdə olmadığım vaxtlarda mənim reallıqdan uzaqlaşmamağa, şöhrətin təsirinə qapılmaq əvəzinə gələcəyimi planlaşdırmağa diqqət yetirirlər”.
Yeni mövsüm “Titanın lənəti” romanının ilk ekran adaptasiyası olacaq.
Loqan Lermanın (Logan Lerman) baş rolda çəkildiyi əvvəlki film adaptasiyası beş kitabdan ibarət seriyanın yalnız ikinci romanı olan “Canavarlar dənizi”nə qədər davam edib.
Buna görə də aktyor heyəti layihə çərçivəsində tamamilə yeni təcrübə yaşadıqlarını bildirir. Yeni mövsümdə Persi və Qrover Annabeti Kronosun qüvvələrindən xilas etməyə çalışırlar.
Skobell deyib:
“Bu mövsümü özünəməxsus şəkildə hazırlaya bilərik. Çünki müqayisə edə biləcəyimiz heç nə yoxdur, yalnız kitab var. Buna görə də bütün bunları ilk dəfə ekranda görəcəyik”.
Xüsusilə əvvəlki mövsümün sonunda romanın süjetindən kəskin şəkildə fərqlənən hadisədən sonra pərəstişkarlar internetdə yeni mövsümdə baş verəcəkləri müzakirə edirlər.
Simhadri bildirib ki, həm kitabı oxuyanlar, həm də oxumayanlar süjetdəki dəyişiklikləri maraqla qarşılayacaqlar:
“Düşünürəm ki, həm kitab oxucuları, həm də digər izləyicilər bu mövsümdəki ton dəyişikliyini bəyənəcəklər. Bu dəyişiklik dünyanın nə dərəcədə ciddi olduğunu göstərir. Şişirtmək istəmirəm, amma bu, sanki tamamilə yeni serialın başlanğıcıdır”.
Süjetdəki dəyişikliklər pərəstişkarlar arasında fikir ayrılığına səbəb olub. Onlardan biri “Kitabın süjet xəttinə sadiq qalacaqlar” fikrini səsləndirdiyi halda, digəri “Bu, qəbul edə biləcəkləri bir süjet dönüşüdür” deyə münasibət bildirib.
Səadət Əlizadə