Sosial media müasir müharibələrdə kəşfiyyat vasitəsinə çevrilir
Rəqəmsal texnologiyaların inkişafı müasir müharibələrin xarakterini dəyişməklə yanaşı, informasiya toplama və kəşfiyyat imkanlarını da genişləndirib. Artıq sosial media platformaları yalnız ünsiyyət və informasiya mübadiləsi vasitəsi deyil, həm də hərbi əməliyyatların izlənilməsi, məlumatların təhlili və strateji qərarların qəbulunda istifadə olunan mühüm vasitələrdən birinə çevrilib. Xüsusilə münaqişə və böhran vəziyyətlərində sosial şəbəkələrdə yayılan məlumatlar hadisələrin gedişatını real vaxt rejimində izləməyə imkan verir.
Mövzu ilə bağlı məlumat elmləri üzrə mütəxəssis Emre Durgut “Anadolu” Agentliyinə müsahibəsində ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi və ölkə Prezidenti Nikolas Maduronun saxlanılması ilə nəticələnən hadisələr fonunda sosial medianın müasir müharibələrdəki rolunu təhlil edib.
Mütəxəssisin sözlərinə görə, sosial media platformaları real vaxt rejimində açıq mənbə kəşfiyyatının (OSINT) əsas vasitələrindən birinə çevrilib. Böhran və münaqişə zamanı hadisə yerində olan jurnalistlər və şahidlər foto, video, eləcə də məkan məlumatlarını dərhal sosial şəbəkələrdə paylaşırlar. Ənənəvi informasiya toplama üsullarından fərqli olaraq, bu məlumatlar hadisələrin gedişini anbaan izləməyə imkan verir. Hətta sosial şəbəkələrdə yayılan görüntülər hərbi qüvvələrin hərəkətliliyinin təsdiqlənməsi və mümkün təhlükələrlə bağlı erkən xəbərdarlıq üçün də istifadə oluna bilər.
Emre Durgut qeyd edib ki, sosial medianın informasiya axınını sürətləndirməsi hərbi və siyasi qərarların qəbuluna da təsir göstərir. Əvvəllər kəşfiyyat məlumatları bir neçə mərhələdə təhlil edildikdən sonra müvafiq rəhbərliyə çatdırılırdısa, hazırda dövlət başçıları hadisələri sosial şəbəkələr vasitəsilə digər istifadəçilərlə eyni vaxtda izləyə bilirlər. Bununla belə, sosial şəbəkələrdə formalaşan ictimai təzyiqin siyasi qərarlara təsiri tələsik və yanlış addımların atılması riskini də artırır. Buna görə də məlumatların düzgün təhlil edilməsi və onların etibarlılığının qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Mütəxəssis vurğulayıb ki, açıq mənbə kəşfiyyatının imkanlarının genişlənməsi saxta məlumatların və manipulyativ paylaşımların yayılması riskini də artırır. Rəqib tərəflər saxta hesablar vasitəsilə ictimai diqqəti yayındıra, yanlış məlumatlar yayaraq qarşı tərəfi çaşdırmağa çalışa bilərlər. Onun fikrincə, dezinformasiya müasir müharibələrin geniş istifadə olunan taktiki vasitələrindən birinə çevrilib. Bununla yanaşı, yanlış məlumatların mənbəyinin və yayılma mexanizminin araşdırılması qarşı tərəfin niyyətlərini müəyyənləşdirmək baxımından da əhəmiyyətli məlumatlar verə bilər.
Sosial şəbəkələrdən əldə edilən böyük həcmli məlumatların təhlilində süni intellekt və məlumat emalı texnologiyalarından da geniş istifadə olunur. Emre Durgutun sözlərinə görə, təbii dil emalı modelləri paylaşımların məzmununu, emosional tonunu və etibarlılığını qiymətləndirməyə kömək edir. Məlumat bazaları hesablar arasındakı əlaqələri müəyyənləşdirir, qruplaşdırma alqoritmləri isə bot şəbəkələrinin aşkarlanmasında istifadə olunur. Görüntü tanıma texnologiyaları vasitəsilə fotoşəkillərin manipulyasiyaya məruz qalıb-qalmadığı da yoxlanıla bilər. Bununla belə, süni intellekt vasitəsilə əldə edilən nəticələrin insan nəzarəti altında qiymətləndirilməsi vacibdir.
Müsahibədə sosial media platformalarının alqoritmlərinin dövlətlərin informasiya təhlükəsizliyinə təsiri məsələsinə də toxunulub. Bildirilib ki, X kimi platformalarda hansı məlumatların daha geniş auditoriyaya çatdırılacağını əsasən şirkətlərin tətbiq etdiyi alqoritmlər müəyyənləşdirir. Dövlətlərin bu sistemlərdən həddindən artıq asılılığı milli təhlükəsizlik baxımından müəyyən risklər yarada bilər. Alqoritmlərdə dəyişikliklər, məzmunun məhdudlaşdırılması və platformalara giriş imkanlarının dəyişməsi informasiya axınına, dolayısı ilə siyasi qərarların formalaşmasına təsir göstərə bilər.
Emre Durgut hesab edir ki, bu asılılığın azaldılması üçün müxtəlif platformalardan istifadə edilməli, yerli texnoloji imkanlar və süni intellekt alətləri inkişaf etdirilməlidir. Onun fikrincə, sosial medianın milli təhlükəsizlik strategiyasının tərkib hissəsinə çevrilməsi platforma sahiblərinə də geosiyasi təsir imkanları qazandırır. Buna görə də informasiya müstəqilliyinin qorunması və xarici platformalardan asılılığın azaldılması üçün uzunmüddətli texnoloji investisiyaların həyata keçirilməsi vacibdir.
“Anadolu” Agentliyi
Aytən Əhmədova