Peşə seçimi: Valideyn yönləndirməsi, yoxsa uşağın öz yolu?
Uşaqların gələcək peşə seçimi həm onların həyat keyfiyyətinə, həm də psixoloji sağlamlığına birbaşa təsir edən ən mühüm qərarlardan biridir.
Mövzu ilə bağlı valideyin Aytən Hüseyinova “İnformator.az” a açıqlamasında bildirib ki, Əlbəttə ki, uşağın öz yolu və öz istəyi olmalıdır:
“Peşə seçimi əsasən uşağın qərarıdır, çünki hər insanın maraq və bacarıqları fərqlidir. Valideyn həyat təcrübəsi ilə istiqamət verə bilər, lakin son qərar uşağın maraq, qabiliyyət və xarakterinə uyğun olmalıdır. Əks halda, valideyn istəyi ilə edilən seçim işdə uğursuzluq və daxili narazılığa səbəb ola bilər. Valideynin rolu qərar verən deyil, bələdçi və dəstəkçi olmaqdır. Uşağın istedadını erkən müşahidə etmək və müxtəlif peşələr haqqında məlumat vermək vacibdir. Məsələn, mən qızıma körpəlikdən həkim peşəsini sevdirməyə çalışıram, lakin gələcəkdə bu peşəni seçməsə, onun qərarı əsas olacaq. Mənim üçün ən önəmlisi qızımın arzu və istəkləridir. Valideyn müdaxiləsi tam nəzarət deyil, yönləndirmə formasında olmalıdır. “Sən mütləq bu peşəni seçməlisən” demək əvəzinə, “Gəl birlikdə araşdıraq” yanaşması daha doğrudur. Ən düzgün yol ünsiyyət və anlayışdır: uşağı dinləmək, mübahisə əvəzinə müzakirə aparmaq və onun özünə inamını qorumaq. Son seçim isə hər zaman uşağa məxsus olmalıdır”.
Digər valideyn Hətəmova Günel açıqlamasında bildirib ki, müsbət qiymətləndirirəm, peşə seçimində uşağın istedadını və maraqlarını nəzərə almaqla seçim edilməlidir:
“Burada valideynin həyat təcrübəsini və mövcud amillərin dəyərləndirilməsini də nəzərə almaq lazımdır. Müdaxilə valideyn tərəfindən yalnız məsləhət xarakterli olmalıdır. Uşaq bəzən hansı sahəyə daha uyğun olduğunu bilmir və istedadının fərqində olmur. Buna görə də valideyn onun həmin sahəyə olan marağını artırıb uşağa məsləhət verə bilər. Mən qızımla olan fikir ayrılığında daha məsləhət gördüyüm sahənin üstünlüklərini vurğuladım və həmin sahənin verdiyi üstünlüklərdən danışdım, seçimi isə ona buraxdım”.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, Uşaqların gələcək peşə seçimi onların həyat keyfiyyətinə və psixoloji sağlamlığına birbaşa təsir edən mühüm qərarlardan biridir:
“Bu seçim təkcə karyera deyil, həm də şəxsiyyətin formalaşması və özünü reallaşdırması baxımından böyük əhəmiyyət daşıyır. Peşə seçimi nə tam valideyn nəzarətində olmalı, nə də istiqamətsiz azadlığa buraxılmalıdır. Valideynlər yönləndirici və dəstəkçi rol oynamalı, uşağın maraq və qabiliyyətlərini müşahidə etməli, müxtəlif sahələrlə tanışlıq imkanı yaratmalı və məlumat verməlidirlər. Uşaq hiss etməlidir ki, qərar ona məxsusdur və valideynləri bu yolda onun əsas dəstəkçiləridir. Həddindən artıq valideyn müdaxiləsi uşağın psixoloji inkişafına mənfi təsir göstərir. Bu zaman uşaq öz seçimlərinə güvənməyi öyrənmir, kənardan təsdiq gözləyir və gələcəkdə qərarsızlıq, məsuliyyətdən qaçma və seçdiyi peşədən narazılıq kimi hallarla üzləşə bilər. “Bu mənim seçimim deyil” hissi motivasiyanın azalmasına səbəb olur. Yeniyetmələrdə qərar vermə bacarıqlarını inkişaf etdirmək üçün onlara kiçik seçim imkanları verilməli, “Mən nəyi sevirəm?” və “Gələcəkdə kim olmaq istəyirəm?” kimi suallar üzərində düşünmələri təşviq edilməlidir. Praktik təcrübələr və könüllülük fəaliyyəti də daha şüurlu seçim etməyə kömək edir. Nəticə olaraq, peşə seçimi valideyn dəstəyi, düzgün məlumatlandırma və uşağın şəxsi maraqlarının balansı üzərində qurulduqda həm uğurlu, həm də psixoloji baxımdan sağlam nəticələr verir”.
Selcan Xudiyeva