Peşə təhsilinə maraq niyə artır? – Gənclər üçün yeni imkanlar
Azərbaycanda peşə təhsilinə maraq son illərdə əhəmiyyətli dərəcədə artıb. 2022-ci illə müqayisədə 2026-cı ildə peşə təhsili alanların sayı 47 faiz, müraciət edənlərin sayı isə 77 faiz yüksələrək müvafiq olaraq 28 min və 52 min nəfərə çatıb.
Mövzu ilə bağlı təhsil eksperti Afərim Seyidova “İnformator.az”a açıqlamasında bildirib ki, peşə təhsilinə marağın artmasının əsas səbəblərindən biri bu sahədə gənclərə yaradılan yeni imkanlar və praktiki bacarıqların ön plana çıxmasıdır.
Ekspertin sözlərinə görə, xüsusilə yüksək texniki peşə təhsili üzrə subbakalavr dərəcəsinin verilməsi və məzunların müvafiq şərtlərlə qəbul imtahanı vermədən ali təhsil müəssisələrinə qəbul olmaq imkanı gənclərin seçimlərinə təsir göstərir:
“Peşə təhsilində dual təhsil modelinin tətbiqi də marağın artmasına səbəb olan amillərdəndir. Bu modeldə tədris prosesinin müəyyən hissəsi praktiki bacarıqların formalaşdırılmasına yönəldilir. Universitetlərdə əsasən mühazirə və seminarlar üstünlük təşkil etdiyi halda, peşə təhsilində istehsalat təcrübəsinə daha geniş yer verilir. Müasir dövrdə əmək bazarında praktik bacarıqlara tələbatın artması gənclərin bu istiqamətə marağını gücləndirir”.
Ekspert qeyd edib ki, peşə təhsilinə marağın artmasında gənclərin gələcək karyera imkanları ilə bağlı gözləntiləri də mühüm rol oynayır. Onun fikrincə, gənclər yalnız diplom əldə etməyi deyil, konkret ixtisas və peşə bacarıqlarına yiyələnərək əmək bazarında özlərinə yer tapmağı hədəfləyirlər.
Afərim Seyidova bildirib ki, peşə təhsili müəssisələrində əmək bazarının tələblərinə uyğun yeni ixtisasların yaradılması da bu sahənin cəlbediciliyini artırır. Xüsusilə kibertəhlükəsizlik və kompüter texnologiyaları üzrə ixtisaslara maraq gənclərin gələcəkdə iş imkanlarını nəzərə alaraq seçim etdiyini göstərir.
Təhsil eksperti vurğulayıb ki, dual təhsil modeli çərçivəsində praktiki məşğələlərin və istehsalat təcrübəsinin genişləndirilməsi tələbələrin real iş mühitinə hazırlanmasına kömək edir. Bu yanaşma təcrübənin formal xarakter daşımasının qarşısını almaqla yanaşı, məzunların konkret peşə bacarıqları qazanmasına şərait yaradır.
Peşə təhsilinin gələcək inkişaf perspektivlərinə toxunan ekspert hesab edir ki, süni intellekt, proqramlaşdırma, avtomatlaşdırma və energetika kimi sahələr üzrə ixtisasların artırılmasına ehtiyac var. Onun sözlərinə görə, yeni ixtisasların müəyyənləşdirilməsi zamanı əmək bazarının dəyişən tələbləri və gələcək peşələr nəzərə alınmalıdır.
Afərim Seyidova əlavə edib ki, cəmiyyətdə peşə təhsilinə münasibət də dəyişir. Əvvəllər bu istiqamət çox vaxt ali məktəbə qəbul ola bilməyənlərin alternativ seçimi kimi qiymətləndirilsə də, hazırda praktiki bacarıq və peşə kompetensiyaları qazandıran müstəqil təhsil yolu kimi qəbul olunur.
Ekspert bu dəyişikliyi müsbət tendensiya kimi qiymətləndirərək peşə təhsilinin əmək bazarının ehtiyaclarına uyğun mütəxəssislərin hazırlanmasında rolunun artdığını bildirib.
Aytən Əhmədova