00:00:00
Yazar
Admin User
01.12.2025 16:32 76 2 dəq oxuma
Sosial

Peşə təhsilinin əmək bazarı ilə uyğunlaşdırılması

Peşə təhsilinin əmək bazarı ilə uyğunlaşdırılması

İqtisadiyyatın sürətlə rəqəmsallaşdığı hazırkı dövrdə əmək bazarında yeni peşələrə və texniki bacarıqlara olan tələbat durmadan artır. Mütəxəssislər hesab edir ki, bu şəraitdə peşə təhsilinin modernləşdirilməsi və bazarın real ehtiyaclarına uyğunlaşdırılması gənclərin məşğulluq imkanlarını genişləndirmək üçün əsas prioritetlərdən biridir.

 

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, son illərdə həm Elm və Təhsil Nazirliyinin, həm də cəmiyyətin peşə məktəblərinə marağı əhəmiyyətli dərəcədə yüksəlib:

 

“Bu gün əmək bazarında ali təhsil müəssisələrinin məzunlarının iş tapması müəyyən qədər çətinləşib. Eyni çətinlik kolleclərə də aiddir. Azərbaycanda ən aşağı reputasiyaya malik təhsil müəssisələri kimi məhz kolleclər göstərilir. Məzunlar kolleci sadəcə ‘tramplin’ kimi görürlər, çünki ümumilikdə kollec təhsili bilik və bacarıq baxımından kifayət qədər səmərə vermir. Bu səbəbdən əmək bazarında da onların yer alma imkanları məhduddur. Peşə məktəbləri isə son illər tamamilə fərqli inkişaf modeli nümayiş etdirir. Burada müasir laboratoriyalar, istehsalatla əməkdaşlığa əsaslanan müqavilələr və yeni tədris imkanları yaradılıb. Xüsusilə turizm və xidmət sahələri də daxil olmaqla bir çox istiqamətdə imkanlar kifayət qədər genişdir. Bu gün peşə məktəbləri əmək bazarının tələblərinə uyğun məzun yetişdirə bilir. Bəzi ixtisaslarda - məsələn, aşpazlıq, dizayn və digər texniki sahələrdə - peşə məktəblərinə tələbat çox yüksəkdir”.

 

Məzahir Məmmədli hesab edir ki, texniki peşə məktəbləri gələcəkdə daha da strateji rol oynayacaq. Onun sözlərinə görə, bu məktəblərdə hazırlanan yüksək ixtisaslı kadrlar üçün xüsusi status nəzərdə tutulur:

 

“Təklifə görə, texniki peşə məktəblərinin məzunlarına ‘subbakalavr’ adı veriləcək və onlar imtahansız ali təhsil müəssisələrinə qəbul ola biləcəklər. Bu, həm peşə təhsilinin nüfuzunu artıracaq, həm də gənclərin təhsil və karyera imkanlarını genişləndirəcək”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər