00:00:00
Yazar
Ayan Sədi
15.07.2026 14:31 68 3 dəq oxuma
İqtisadiyyat

Peter Pelleqrininin Bakı səfəri: Enerji və investisiya əməkdaşlığında yeni mərhələ

Peter Pelleqrininin Bakı səfəri: Enerji və investisiya əməkdaşlığında yeni mərhələ

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfərini ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün mühüm fürsət adlandırıb.

 

Bildirib ki, Prezident İlham Əliyevlə energetika, ticarət və investisiya sahələrində əməkdaşlıq məsələlərini müzakirə edəcək. Səfər çərçivəsində Slovakiya-Azərbaycan Biznes Forumunun keçirilməsi də planlaşdırılır.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Peter Pelleqrininin Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın, xüsusilə enerji, nəqliyyat və investisiya sahələrində münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:

 

 “Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsi baxımından mühüm hadisədir. Bu səfər iki ölkə arasında diplomatik əlaqələrin inkişafı ilə yanaşı, həm də Avropa İttifaqının enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və investisiya əməkdaşlığı kontekstində Azərbaycanın artan rolunun göstəricisidir.

 

 Şübhəsiz ki, Azərbaycan və Slovakiya arasında münasibətlər üçün əsas perspektiv istiqamətlərdən biri enerji sahəsidir. Avropada enerji mənbələrinin şaxələndirilməsi siyasətinin gücləndiyi bir dövrdə Azərbaycan etibarlı enerji tərəfdaşı kimi öz mövqeyini möhkəmləndirir. Slovakiya kimi Mərkəzi Avropa ölkələri üçün enerji təhlükəsizliyinin təmin edilməsi strateji əhəmiyyət daşıyır. Bu baxımdan Bakı ilə Bratislava arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi həm də faktiki olaraq Avropanın enerji dayanıqlılığına töhfə verə bilər".

 

Politoloq qeyd edib ki, Slovakiya Prezidentinin səfəri investisiya, biznes və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsi, eləcə də Orta Dəhliz vasitəsilə yeni iqtisadi imkanların yaradılması baxımından əhəmiyyətlidir:

 

 “Əməkdaşlığın digər mühüm istiqaməti investisiya və biznes əlaqələridir. Slovakiya Prezidentinin səfəri çərçivəsində biznes forumunun keçirilməsi göstərir ki, tərəflər siyasi dialoqla yanaşı, iqtisadi əlaqələrin praktiki məzmununu artırmaq niyyətindədirlər. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsi, sənaye, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və innovasiya sahələrində xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi baxımından Slovakiya şirkətləri üçün yeni imkanlar yarada bilər.

 

Azərbaycanın coğrafi mövqeyi də bu münasibətlərdə mühüm üstünlük yaradır. Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarının inkişafı, xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycanı regional logistika mərkəzlərindən birinə çevirir. Slovakiya üçün isə bu marşrutlar yeni ticarət imkanları, bazarlara çıxış və nəqliyyat əlaqələrinin diversifikasiyası baxımından maraq doğurur. Beləliklə, əməkdaşlıq yalnız enerji sahəsində deyil, həm də geniş geoiqtisadi layihələr çərçivəsində inkişaf edə bilər.”

 

Politoloq vurğulayıb ki, Slovakiya Prezidentinin Azərbaycana səfəri siyasi, iqtisadi və texnoloji əməkdaşlığın genişlənməsi, eləcə də Azərbaycanın Avropa üçün strateji tərəfdaş kimi mövqeyinin güclənməsi baxımından önəmlidir:

 

 “Siyasi baxımdan isə bu səfər Azərbaycanın Avropa ölkələri ilə ikitərəfli münasibətlərinin daha da şaxələndiyini göstərir. Ölkəmiz son illərdə müxtəlif Avropa dövlətləri ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli formalaşdırıb. Bu modeldə əsas məqsəd təkcə enerji ixracı deyil, paralel olaraq texnologiya, investisiya və iqtisadi tərəfdaşlıq imkanlarını da genişləndirməkdir.

 

 Slovakiyanın da öz növbəsində Azərbaycanın regional rolunu və iqtisadi potensialını nəzərə alaraq əməkdaşlığı dərinləşdirməyə maraq göstərməsi təsadüfi deyil. Mərkəzi Avropa ölkələri üçün Azərbaycan həm enerji təchizatında, həm də yeni iqtisadi bağlantıların qurulmasında mühüm tərəfdaşlardan biri hesab olunur.

 

 Odur ki, Slovakiya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin mövcud səviyyəsini möhkəmləndirməklə yanaşı, yeni əməkdaşlıq istiqamətləri üçün də imkanlar yarada bilər".

 

Aydan Əsgərxanlı

#pelleqrininin #investisiya #əməkdaşlığında #səfəri:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər