Pezeşkian: Biz nüvə silahı axtarmırıq
İran nüvə silahı axtarışında deyil.
"Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
"Biz nüvə silahı axtarmırıq, regiondakı gərginliyin səbəbi İsraildir", - o bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az” a açıqlamasında bildirib ki,Pezeşkianın açıqlaması regiondakı gərginliyi dəyişəcək gücdə görünmür:
“Pezeşkianın bu açıqlaması regionda başlamış və hazırda davam edən gərginliyə nə müsbət, nə də mənfi istiqamətdə ciddi təsir göstərəcək. Çünki İran rəsmiləri bundan əvvəl də dəfələrlə nüvə silahı istəmədiklərini, uranın zənginləşdirilməsinin məqsədinin dinc istifadə olduğunu bildiriblər. Buna baxmayaraq, münaqişə yenə də başlayıb. ABŞ və İsrail başda olmaqla Qərb dairələri isə bu məsələni İrana qarşı təzyiq və hücum vasitəsinə çeviriblər. Bu baxımdan Pezeşkianın eyni məzmunlu açıqlamanı yenidən verməsi qarşı tərəfin mövqeyini dəyişməyəcək. Burada əsas məsələ regional maraqların toqquşmasıdır. Münaqişənin səngiyib-səngiməyəcəyi və ya daha da şiddətlənəcəyi həmin maraqların necə inkişaf etməsindən asılı olacaq.Bu açıqlama hansısa ciddi nəticə doğuracaq faktor kimi qiymətləndirilməməlidir. Çünki nüvə məsələsi ətrafındakı müzakirələr indiyədək necə gedibsə, bundan sonra da eyni şəkildə davam edəcək. İran “nüvə silahı istəmirik” deyəcək, qarşı tərəf isə bunun doğru olmadığını, Tehranın gizli şəkildə nüvə silahı hazırladığını iddia edəcək. Ona görə də real nəticə yalnız hərbi əməliyyatların dayanması ilə mümkün ola bilər. Bu isə ya tərəflərdən birinin məğlub olması, ya da artıq hərbi yolla nəticə əldə edə bilməyəcəyini anlayaraq geri addım atması halında baş verə bilər. Belə bir vəziyyətdə tərəflər qarşı tərəfin maraqlarını nəzərə almağa məcbur qalacaq və yalnız bundan sonra real nəticələrdən danışmaq mümkün olacaq. İran və İsrail arasında qarşılıqlı ittihamların real nəticələri artıq görünür. Yaxın Şərqdə davam edən müharibələr fonunda İrana qarşı yeni zərbələr də əlavə olunub və proses hazırda diplomatik müharibə formasında davam edir. Ən riskli məqam isə budur ki, bu diplomatik qarşıdurmanın hərbi əməliyyatların qarşısını alacağına dair zəmanət yoxdur. Əksinə, hər an yeni və daha sərt hərbi toqquşmalar baş verə bilər. Buna görə də İran-İsrail qarşıdurmasının əsas nəticələri bölgədə müharibənin, xaosun və insan itkilərinin artmasıdır. Hazırda ortada konkret nəticə yoxdur və yaxın dövrdə də real həllin əldə olunacağı gözlənilmir”.
Arzu Poladova