Piylənmə ilə yaşayan uşaqlar GLP-1 preparatları qəbul etməlidirlərmi?
Ümumdünya Səhiyyə Təşkilatının uşaqlıq dövründə piylənmənin idarə olunması ilə bağlı ilk beynəlxalq təlimatı uşaqlar və yeniyetmələr üçün GLP-1 preparatlarının istifadəsini gündəmə gətirir. Lakin bu müalicənin tətbiqi üçün ciddi meyarlar və yüksək ehtiyatlılıq tələb olunur.
Çərşənbə günü yayımlanan yeni qlobal təlimatda piylənmə ilə yaşayan uşaqların sayının artması fonunda qidalanmanın tənzimlənməsi, fiziki aktivliyin artırılması və davranışların dəyişdirilməsi də daxil olmaqla, geniş müdaxilə tədbirləri tövsiyə edilir. Müəyyən hallarda, bəzi daha böyük yaşlı uşaqlar və yeniyetmələr üçün dərman müalicəsi və ya bariatrik cərrahiyyə də nəzərdən keçirilə bilər.
ÜST bildirir ki, 9 yaşadək uşaqlar üçün dərman müalicəsi, cərrahi müdaxilə və ya çəki itirməyə kömək edən cihazlardan istifadə tövsiyə edilmir.
10-19 yaş aralığında olan yeniyetmələr üçün isə dərman müalicəsi yalnız mütəxəssis nəzarəti altında həyata keçirilən həyat tərzi proqramı nəticə vermədikdə nəzərdən keçirilə bilər. Təlimata əsasən, bariatrik cərrahiyyə isə yalnız ağır piylənmə ilə yaşayan və ciddi meyarlara cavab verən yeniyetmələr üçün seçim ola bilər.
ÜST-nin Qidalanma və Qida Təhlükəsizliyi Departamentinin direktoru Dr. Luz María De Regil bildirib:
“Uşaqlarda və yeniyetmələrdə piylənmənin müalicəsinin əsasını dərman və ya cərrahiyyə deyil, sağlam qidalanma, fiziki aktivlik və davamlı davranış dəyişikliyinə imkan verən hərtərəfli dəstəyə çıxış təşkil edir".
Səadət Əlizadə