"Polipropilen ixracındakı artım barədə məlumatlar manipulyasiya xarakteri daşıyır"
Azərbaycanın polipropilen ixracında artım müşahidə olunub. Rəsmi statistikaya görə, iyul ayında ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 % çox olub.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a bildirib ki, Azərbaycanda polipropilen ixracının əsas artım səbəbi 2024-cü ildəki ciddi şəkildə azalmadır:
"2025-ci ildə polipropilen istehsalı 2023-cü illə müqayisədə təxminən 2,5 dəfə azalıb. O baxımdan polipropilen ixracında artım barədə verilən rəsmi məlumatlar manipluyasiya xarakteri daşıyır. Onun idxalda payı təxminən 2%-dir. Polipropilen həm də neftdən əmələ gələn dəyər zəncirinin bir hissəsidir. Bilirik ki, Azərbaycanda daha çox xam neft istehsal olunur. Hətta biz ən sadə istehsal sahəsi olan və böyük bir istehlak bazarı olan benzini idxal edirik. Ona görə hesab edirəm ki, bu sahənin inkişaf etdirilməməsi ölkənin iqtisadi siyasətinə və o cümlədən iqtisadi siyasətin arxasında duran iqtisadi komandanın fiskosudur".
İqtisadçı həmçinin qeyd edib ki, ilk növbədə müəyyən coğrafi radius daxilində ixrac kanalları araşdırılmalıdır:
"Bu istənilən ixarc etmək istədiyiniz məhsula aid olan məsələdir. Azərbaycanda hətta kənd təsərüfatı məhsulları ilə lazımi radius daxilində kanallar araşdırılmayıb. Bu da ölkənin kənd təsərüfatı sektorunu boğur. Eyni şey də digər sektorlarda, o cümlədən polipropilen sektorunda mövcuddur. İxracın artırılması üçün logistika kanallarının genişləndirilməsi önəmlidir. Belə məhsulların satışında sertifkatlaşdırma, keyfiyyət standartları və s. çox önəmlidir. Bunlar olmadan hansısa bazara daxil olmaq olmur".
Billurə Quliyeva
