Pop musiqisinin əbədi kralı - Maykl Cekson
Maykl Cekson dünya musiqi tarixində "Popun Kralı" (King of Pop) titulu ilə tanınan, şübhəsiz ki, gəlmiş-keçmiş ən böyük musiqiçidir. O, musiqi tarixinə adını qızıl hərflərlə yazdıraraq pop musiqisinə gətirdiyi yeniliklər, fərqli vokal tərzi və vizual performansları ilə bu janrın qloballaşmasında müstəsna rol oynamışdır. Maykl həmçinin bəstəkar, rəqqas və xeyriyyəçi idi. Onun yaradıcılığını anlamaq üçün ilk növbədə pop musiqisi haqqında məlumatlı olmaq lazımdır. Pop sözü ingilis dilindəki "popular" (kütləvi, hər kəsə xitab edən) sözünün qısaltmasıdır. Bu musiqi janrı ötən əsrin ortalarında Amerika Birləşmiş Ştatları və Böyük Britaniyada yaranmışdır. Pop musiqisi asanlıqla yadda qalan melodiyaları, təkrarlanan nəqarətləri, universal mövzuları və ritmik quruluşu ilə seçilir.
Ailəsi, uşaqlığı və övladları
Maykl Cekson 29 avqust 1958-ci ildə ABŞ-nin İndiana ştatının Qari şəhərində anadan olub. O, Cozef Cekson və Ketrin Ceksonun 9 uşaqlı ailəsində dünyaya göz açıb, ailənin 7-ci övladı olub. Musiqi fəaliyyətinə çox kiçik yaşlarında başlayan Maykl, qardaşları ilə birlikdə qurulan "The Jackson 5" qrupunda çıxış etməyə başlayıb. O, bu qrupdakı çıxışları ilə hələ erkən yaşlarında böyük şöhrət qazanmışdı. Lakin bu erkən şöhrətin arxasında amansız uşaqlıq illəri dayanırdı. Atasının ona qarşı tətbiq etdiyi ağır fiziki və mənəvi zorakılıqlar musiqiçinin daxili dünyasında heç vaxt sağalmayan dərin yaralar açmışdı. Maykl Ceksonun özünün üç övladı var. İkinci həyat yoldaşı Debbi Roudan onun Prins adında bir oğlu və Paris adında bir qızı dünyaya gəlib. Sənətçinin 3-cü övladı olan kiçik oğlu Bigi Cekson isə şəxsiyyəti gizli saxlanılan daşıyıcı ana köməyi ilə dünyaya göz açıb.

Görünüşü və travmaları
Maykl Cekson uşaqlıq illərindən bəri burnunun böyük olmasından narahat idi. Burnuna görə qardaşları ona lağ edirdilər. Sənətçi atasının xarici görünüşünü özündə daşımaq, ona bənzəmək istəmirdi. O, atasından qaçıb zərif və gözəl qadına bənzəməyə çalışırdı. Atasının görünüşündən qaçmaq, özünə yeni bir cizgi qazandırmaq məqsədilə də burunu əməliyyatı etdirdi. Onun xarici görünüşündəki ən böyük müzakirə isə dəri rənginin ağarması ilə bağlı idi. Qara dərili olan sənətçi dəri rənginə görə hər zaman irqi ayrı- seçkiliklərlə qarşılaşmışdı. Onun sonralar ağarması cəmiyyətdə fərqli şayiələrə yol açsa da, sənətçi dəri tonunu öz istəyi ilə açdırmamışdı. Onun dərinin müəyyən hissələrində piqment itkisinə səbəb olan vitiliqo xəstəliyindən əziyyət çəkdiyi tibbi cəhətdən sübut olunub. O, bədənində yaranan fərqli ağ ləkələri bərabərləşdirmək üçün xüsusi makiyajlardan istifadə etməyə məcbur qalırdı. Görünüşündə daha zərif, incə cizgilərə sahib olmaq istəyən Maykl heyran olduğu yaxın dostu Elizabet Teylora bənzəməyə çalışırdı. Onlar bir-birlərini "ruh əkizi" (soulmates) adlandırırdılar. O, həyatı boyu qadın parfümlərindən istifadə edirdi. Şöhrəti və maddi imkanları durmadan artdıqca o, ətrafdakı insanlardan, saxtalıqdan qaçmağa başladı. Daxilindəki böyük boşluğu doldurmaq üçün əvvəlcə özündən yaşca böyük qadınlarla dostluq edirdi. Sonralar isə daxili dünyasındakı tənhalıqdan xilas olmaq üçün yalnız uşaqlarla dostluq etməyə başladı.
Şəxsi həyatı və evlilikləri
Maykl Ceksonun şəxsi həyatı da hər zaman mətbuatın diqqət mərkəzində olmuşdur. Onun musiqi dünyasındakı əzəli rəqibi Rok-n-roll əfsanəsi Elvis Presli idi. Bu rəqabət fonunda Maykl "Mən gəlmiş-keçmiş ən yaxşı müğənniyəm" deyərək öz iddiasını ortaya qoymuşdur. Lakin bu rəqabətlə bağlı ən maraqlı fakt odur ki, Maykl Cekson öz rəqibinin qızı Liza Mari Presli ilə evlənmişdir. Bu evlilik uzun sürməmişdir. Həmin dövrdə ictimaiyyət arasında fərqli şayiələr yayılmışdı. İddia olunurdu ki, Maykl üzərindəki uşaq istismarı ittihamlarını ört-basdır etmək məqsədilə bu evliliyə addım atmışdır. Ancaq Liza Mari Presli Maykl haqqında "kiçik bir uşaqdır" deyirdi. Sənətçinin ikinci həyat yoldaşı isə Debbi Rou olmuşdur.
Dinlə bağlı iddialar
Media tərəfindən Ceksonun İslam dinini qəbul etməsi barədə bəzi iddialar irəli sürüldü. Lakin onun özü tərəfindən mətbuata bu barədə heç bir rəsmi açıqlama verilməmişdi və onun müsəlman olmasını təsdiqləyən dəqiq bir sənəd və ya fakt mövcud deyil. Bununla belə, qardaşı Cermeyn Cekson onun İslam dini ilə maraqlandığını və Quran oxuduğunu bildirmişdi.
Səhnədəki azadlıq və güvən problemi
Maykl Cekson özünü ən rahat və azad hiss etdiyi yerin məhz səhnə olduğunu bildirir və "Səhnə Tanrının mənim olmağımı istədiyi yerdir" deyirdi. Lakin səhnədən kənarda onun insanlara qarşı ciddi güvən problemi var idi. İnsanların ona zərər vermək istədiyini düşünür, ətrafındakılara qarşı paranoid fikirlər bəsləyirdi. Onun bu psixoloji problemləri və düşüncələri zamanla davranışlarına da birbaşa yansıyırdı.
Şöhrətin gətirdiyi tənhalıq
Maykl Ceksonun şöhrəti və sərvəti artdıqca, daxili dünyasındakı tənhalıq hissi də bir o qədər dərinləşirdi. Məşhurluğu zirvəyə çatdıqca daha çox özündən yaşca böyük qadınlarla dostluq etməyə üstünlük verirdi. Lakin zaman keçdikcə, o böyük izdihamın və şöhrətin içində özünü daha da kimsəsiz hiss edən pop kralı, çıxış yolunu uşaqlarla dostluq etməkdə tapır. Uşaqların məsum dünyasına sığınır və onlarla vaxt keçirir. Cekson "Neverland" adlı oyuncaq evi qurmuşdu. Orada Peter Pan kostyumları geyinir, uşaqlarla oynayır və əylənirdi.

Uşaqlarla dostluq və ittihamlar
Maykl Ceksonun uşaqlarla qurduğu dostluq münasibətləri zaman keçdikcə onun əleyhinə istifadə olundu. Sənətkar uşaqlara qarşı zorakılıq etməkdə ittiham edilərək ciddi qarayaxma kampaniyası ilə üzləşdi. Bu iddialar ətrafında böyük məhkəmə prosesləri başladı və onun təqsirsizliyi sübut olundu. Lakin bu hadisələr sənətkarın həm psixologiyasına ciddi ziyan vurdu.
Vəfatı
Maykl Cekson 25 iyun 2009-cu ildə Los-Ancelesdəki evində vəfat edib. Onun ölümünə xroniki yuxusuzluqdan əziyyət çəkdiyi üçün qəbul etdiyi güclü anesteziya dərmanı olan propofoldan kəskin zəhərlənməsi səbəb olub. Bu zəhərlənmə nəticəsində sənətçinin ürəyi dayanıb. Ona bu dərmanı qəbul etməyi məsləhət görən şəxsi həkimi Konrad Mürrey sənətçinin ölümünə səbəb olmaqda ittiham olunaraq məsuliyyətə cəlb edilib. Onun Los-Ancelesdəki "Steypls-sentr"də baş tutan canlı anım mərasimini televiziya vasitəsilə təqribən 2,5 milyarddan artıq tamaşaçı izləyib. Onun qəfil vəfatı dünya miqyasında o qədər böyük şok yaratdı ki, bu ölümün ətrafında saysız-hesabsız şayiələr yarandı. Bu ölümün arxasındakı müəmmalar səbəbindən bu gün də onun əslində ölmədiyini düşünən insanlar var.
Mükafatları
Maykl Cekson bütün zamanların ən çox musiqi satan sənətçiləri arasındadır. Təxmini olaraq dünya miqyasında 400 milyondan çox albom satışı etmişdir. Onun aldığı mükafatlara daxildir: 15 "Qremmi" mükafatı", 6 "Brit" mükafatı, 1 "Qızıl Qlobus" mükafatı və 39 "Ginnesin Rekordlar Kitabı". Maykl Cekson tarixdə altı onillik ərzində "Billboard" çartının ilk onluğuna düşən ilk sənətçi olub.
Ən çox dinlənilən və məşhur mahnıları:
"Billie Jean"
"Beat It"
"Thriller"
"Smooth Criminal"
"Black or White"
Albomları:

"Off the Wall" - 1979
"Thriller" - 1982
"Bad" - 1987
"Dangerous" - 1991
"HIStory: Past, Present and Future, Book I" - 1995
"Invincible" - 2001
Samirə Allahverdizadə