Postmüharibədə orta aylıq pensiya 2,6 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə artıb
Postmüharibə dövründə Azərbaycanda 132 min şəxsə 406 min sosial xidmət göstərilib, müavinət və təqaüdlər orta hesabla iki dəfədən çox artırılıb. Şəhid ailələri və müharibə əlillərinə minlərlə mənzil, avtomobil və reabilitasiya xidməti təqdim olunub. 2019-cu ildən sosial islahatlar çərçivəsində əməkhaqqı və pensiyalar bir neçə dəfə yüksəldilib, məşğulluq və özünüməşğulluq proqramları ilə yüz minlərlə şəxs işlə təmin olunub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, ümumiyyətlə, postmüharibə dövründə ölkədə əmək haqlarının artırılması və pensiyanın qaldırılması vaxtı illər üzrə normal bir haldır:
“Ona görə ki, il ərzində olan inflyasiya, qiymət artımları fonunda, təbii ki, bunların qalxmasına ehtiyac var. Digər bir məsələ isə xüsusən də, təqaüdlərin artırılması istiqamətində aparılan işlər dövlətin büdcəsində sosial yönümlülüyünün nümayiş olunmasının bir təzahürüdür. Son dövrlər qaldırılan istiqamətdən minimum əmək haqqıdır. Yəni ən aşağı əmək haqqı alan şəxslərin müvafiq bazarla təminatının arasında tərs mütənasibliyin minimuma endirilməsi istiqamətində aparılan işlərdir. Hesab edirəm ki, daha yeni və uyğun bir siyasət həyata keçirilməlidir. Bu siyasət həm aşağı maaş alanlara müsbət təsir göstərməli, həm də minimum əməkhaqqından asılı olan fərdi və fiziki şəxslərin sosial ödənişlərinin eyni nisbətdə artmasına səbəb olmamalıdır. Təbii ki, bu artım büdcə təşkilatlarında olduğu halda dövlət büdcəsinə təsir göstərir. Amma qeyri-büdcə təşkilatları, firmalar özəl müəssisələrin olduğu zaman isə bu artım büdcəyə əlavə gəlirlərin formalaşmasına kömək edir. Əslində belə deyək ki, dövlət büdcəsində də əvvəlki dövrlərə nisbətən artım var və istər-istəməz bu artım, yəni nominal artım özü-özündə nominal əmək haqqı artımı da tələb edir. Amma ümimillikdə götürəndə isə ölkədə biz nominal əməkhaqqının artımının, təqaüdün artımını görürük. Amma bunun nisbətində qiymətlərin də son dövrə, bazar qiymətlərin artımı fonunda real gəlirlərin isə yeni həmin templə artdığını yox, bəzi halda azaldığının bir şahid olur “.
Reyhan Quliyeva
