"PR artıq yalnız diqqət cəlb etmək deyil, strateji idarəetmə alətidir" – Zamirə Ədilova
Müasir dövrdə ictimaiyyətlə əlaqələr (PR) artıq sadəcə məlumat yaymaq vasitəsi deyil, qurumların strateji idarəetmə modelinin ayrılmaz hissəsinə çevrilib. Rəqəmsallaşma və süni intellektin sürətli inkişafı yerli bazarda PR anlayışını köhnə qəliblərdən çıxararaq reputasiya idarəçiliyi və səmimiyyət üzərində yenidən formalaşdırır.
Mövzu ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova "İnformator.az"a açıqlama verib. Mütəxəssis bildirib ki, yerli bazarda PR sahəsi strateji kommunikasiya modelinə doğru ciddi transformasiya yolu keçir. İndi əsas prioritet qısamüddətli tanınma deyil, uzunmüddətli etimadın qazanılmasıdır:
"Əgər əvvəllər PR daha çox informasiyanın yayılması idisə, hazırda reputasiya idarəçiliyi və ictimai etimadın formalaşdırılması əsas prioritetlərə çevrilməkdədir. Bu gün PR artıq yalnız diqqət cəlb etmək aləti deyil, təşkilatın ümumi idarəetmə strategiyasının ayrılmaz hissəsi kimi formalaşır".
Zamirə Ədilova qeyd edib ki, müasir istehlakçı artıq klassik reklam formatlarından uzaqlaşaraq daha real və insan yönümlü yanaşmalara meyillidir. Xüsusilə sosial həssas sahələrdə səmimi hekayələr və empatiya güvən yaratmaq üçün əsas açardır:
"Auditoriya artıq daha çox şəffaf və səmimi yanaşmaya üstünlük verir. Kommunikasiya yalnız informasiya ötürməkdən ibarət deyil, həm də insanların narahatlıqlarını anlamaq və onlara güvən verməkdir".
Sosial mediadakı mənfi reaksiyalar və "linç" dalğalarının idarə olunmasına toxunan ekspert bu sahədə operativliyin və faktlara əsaslanan yanaşmanın vacibliyini vurğulayıb. Mütəxəssisin sözlərinə görə, xüsusilə dövlət qurumları üçün məsuliyyətli və balanslı kommunikasiya qurmaq, tənqidlərə açıq olmaq strateji əhəmiyyət kəsb edir.
Texnoloji yeniliklərdən danışarkən Zamirə Ədilova süni intellektin yaxın 5 ildə PR bazarını köklü şəkildə dəyişəcəyini, lakin insan faktorunun əvəzolunmazlığını qoruyacağını qeyd edib:
"Süni intellekt kontent istehsalı və məlumat təhlili proseslərini optimallaşdırsa da, qərarvermə və strateji yanaşma funksiyasını tam əvəz etmir. Risklərin qiymətləndirilməsi və cəmiyyətlə etibarlı əlaqənin qurulmasında insan amili hər zaman öz aktuallığını qoruyacaq".
Lalə Əhməd