Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, əsas məsələ tikiləcək mənzillərin sayından və Naxçıvanda mənzilə olan tələbatın səviyyəsindən asılıdır:
"Gəliri kommersiya şərtləri ilə mənzil almağa imkan verməyən şəxslər üçün sosial şərtlərlə mənzil əldə etmək imkanı yaranır. Sosial mənzillər bazar qiymətindən nisbətən daha ucuz təklif olunur.Ümumiyyətlə, dövlət büdcəsində sosial mənzillərin tikintisi üçün ayrıca xərc maddəsi nəzərdə tutulmur. İlkin tikintilər büdcə vəsaiti hesabına maliyyələşdirilir. Sonrakı mərhələdə isə mənzillərin vətəndaşlara satılmasından, o cümlədən ipoteka krediti və ya hissə-hissə ödənişlərdən əldə olunan vəsait yenidən tikintiyə yönəldilir. Sosial mənzillər vətəndaşlara tamamilə pulsuz verilmir. Onlar bazar qiymətindən daha aşağı qiymətə satılır. Dövlətin torpaq sahəsinin daha münasib şərtlərlə təqdim edilməsi və dövlət qurumları arasında sənədləşmə prosesinin daha rahat həyata keçirilməsi mənzillərin nisbətən daha aşağı qiymətə təklif olunmasına imkan yaradır".
Səadət Əlizadə