Prezidentin fərmanı ilə idxal-ixrac, tranzit və logistika sahələrinin rəqəmsallaşdırılması
Prezidentin imzaladığı yeni fərman idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətlərin tam rəqəmsallaşdırılmasını nəzərdə tutur.
Mövzu ilə bağlı iqtisadçı ekspert Emin Qəribli “İnformator.az”a açıqlamasında bildirib ki, rəqəmsallaşdırma tranzit məhsullarının imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək:
“Ərazimizdən keçən nəqliyyat dəhlizlərinin imkanları artacaq və tranzit həcmi genişlənəcək. Bu da Azərbaycanın beynəlxalq ticarətdə rolunu gücləndirəcək və ölkəmizə əlavə iqtisadi faydalar gətirəcək. Əvvəllər bəzi məhsulların gecikməsi və lisenziya tələbləri tranzit prosesində çətinlik yaradıb. Yeni rəqəmsal sistem sayəsində bu maneələr aradan qalxacaq, proses tam avtomatlaşdırılacaq və tranzit əməliyyatları daha sürətli və şəffaf şəkildə həyata keçiriləcək. Bu, həm işgüzar mühitin yaxşılaşmasına, həm də gəlirlərin artmasına səbəb olacaq”.
Emin Qəribli əlavə edib ki, elektron platformaların yaradılması məhsulların beynəlxalq daşınmasında sənədlərin əvvəlcədən hazırlanmasını təmin edəcək və maneəsiz tranziti mümkün edəcək:
“Əsas məqsəd elektron platformaların yaradılmasıdır. Məsələn, məhsul Çin və Avropa arasında daşınarkən, Azərbaycan ərazisinə çatanda bütün sənədlər artıq hazır olur və məhsul sürətlə tranzitdən keçə bilir. Bu, yalnız Azərbaycanın deyil, eyni zamanda ərazimizdən keçən dəhlizlərin imkanlarını da artırır. Bu sistem ölkələrarası iqtisadi münasibətlərin inkişafına təkan verəcək və digər ölkələr üçün də nümunə olacaq. Gələcəkdə bu platformaların digər ölkələrdə yaradılan sistemlərlə inteqrasiyası mümkün olacaq ki, bu da beynəlxalq əməkdaşlığı daha da gücləndirəcək”.
Fatimə Hüseynli
