Prezidentin Zəngilan Səfəri: "Böyük Qayıdış"ın dayanıqlı inkişaf strategiyası
2026-cı ilin 10 mayında Prezident İlham Əliyevin Zəngilana səfəri “Böyük Qayıdış” proqramı çərçivəsində mühüm hadisə kimi qiymətləndirilir. Səfərin Heydər Əliyevin doğum gününə təsadüf etməsi xüsusi rəmzi məna daşıyır.
Zəngilanda həyata keçirilən bərpa və “Ağıllı kənd” layihələri Azərbaycanın inkişafını göstərir. Həmçinin Prezident səfər zamanı Azərbaycanın regionda sülh və təhlükəsizliyin əsas təminatçısı olduğunu vurğulayıb.
Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov
“İnformator.az”a bildirib ki, "Ağıllı kənd" və digər strateji infrastruktur layihələri bu bölgənin yalnız bərpasını deyil, həm də gələcəkdə azad olunmuş ərazilər üçün nümunə təşkil edəcək yeni bir sosial-iqtisadi inkişaf modelinə çevrilməsini hədəfləyir:
“Zəngilanda aparılan quruculuq işləri, "Ağıllı kənd", enerji layihələri, yollar və yaşayış məntəqələrinin tikintisi göstərir ki, Azərbaycan hakimiyyəti bu bölgəni uzunmüddətli strateji inkişaf zonasına çevirmək niyyətindədir. Bu baxımdan "Ağıllı kənd" və digər bərpa layihələri təkcə ermənilərin dağıtdığı ərazilərin yerindən qurulması kimi deyil, həm region, həm də dünya üçün bir sosial-iqtisadi model kimi dəyərləndirilməlidir. Şübhə yoxdur ki, Azərbaycanda, xüsusilə Ağalı kəndində tətbiq edilən "Ağıllı kənd" modeli gələcəkdə dünyanın bir çox yerində, azad olunmuş ərazilərdə istifadə olunacaq. Prezident İlham Əliyevin Zəngilana səfəri və burada verdiyi son mesajlar Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqların nümayişi kimi qiymətləndirilməlidir. Bu səfərlər təkcə bərpa prosesi ilə bağlı deyil, həm də regional güc balansı, kommunikasiya layihələri və post-münaqişə dövrünün siyasi memarlığı ilə əlaqələndirilir”.
A. Səmədov qeyd edib ki, iqtisadi aktivlik zəruri sayılan “Böyük Qayıdış” proqramında azad olunmuş bölgələrin yenidən məskunlaşdırılması nəzərdə tutulur:
"Böyük Qayıdış" proqramı Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı əsas strateji layihələrindən biri hesab olunur. Bu proqramın əsas məqsədi azad olunmuş bölgələrin yenidən məskunlaşdırılması, iqtisadi aktivliyin bərpası və uzunmüddətli inkişaf modelinin qurulmasıdır. Proqram təkcə insanların geri köçürülməsini deyil, eyni zamanda bütöv bir sosial-iqtisadi sistemin yenidən formalaşdırılmasını nəzərdə tutur. Proqram müəllifləri yaxşı anlayırlar ki, əgər bölgədə iqtisadi aktivlik kifayət qədər sürətlə formalaşmasa, yalnız dövlət investisiyaları hesabına dayanıqlı inkişaf modelini saxlamaq qeyri-mümkün olacaq. Bu səbəbdən, "Böyük Qayıdış" proqramında iqtisadi aktivliyin təmin olunmasına müstəsna əhəmiyyət verilir”.
Aydan Əsgərxanlı