00:00:00
Yazar
Admin User
02.12.2025 12:20 721 7 dəq oxuma
Mədəniyyət

Professor Yalçın Əlizadə

Professor Yalçın Əlizadə

Bu gün Bakı Dövlət Universitetinin müəllimi, əməkdar jurnalist, professor, Yalçın Əlizadənin anım günüdür. Azərbaycan media mühitinin formalaşmasına, jurnalistikanın akademik əsaslarının möhkəmləndirilməsinə və gənc kadrların yetişdirilməsinə verdiyi töhfələrlə tanınan Yalçın Əlizadə uzun illər həm elmi, həm də peşəkar fəaliyyətində nümunə göstərilir.

 

“İnformator.az”a danışan Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyevin yaddaşında Yalçın Əlizadə son dərəcə prinsipial, peşəsini sevən və eyni zamanda da qayğıkeş insan kimi yadda qalıb:

 

"Yalçın müəllimlə münasibəti olan, onu tanıyan elə bir tələbəsi olmayıb ki, bu və ya başqa dərəcədə onun həyatına Yalçın müəllimin təsiri olmasın.O,həmişə öz doğruluğu və prinsipiallığı ilə seçilən müəllimimiz olub. Təqribən 12-13 il jurnalistika fakültəsinin dekanı olub.Həmçinin,Televiziya və Radio Jurnalistikası kafedrasının müdiri olub. Azərbaycanda televiziya və radio jurnalistikası ,əsasən, radio jurnalistikası ilə bağlı olduqca ciddi məqalələri, dərs vəsaiti olub. Nəinki jurnalistika fakültəsi, hətta Azərbaycan Jurnalistika cəmiyyətində də Yalçın müəllimi olduqca peşəkar və dürüst bir insan kimi tanıyırlar. Ona görə ki, Yalçın müəllim sözü ilə əməli hər zaman üst-üstə düşən biri olub. Hətta onunla yaşıd olan müəllimlərimiz də onun haqqında eyni sözləri deyəcəklər. Yalçın müəllimin işinə sədaqəti və jurnalistikanı sevməyi olduqca vacib məqam kimi vurğulanmalıdır. Onun böyük rolu olub, həm fakültənin inkişafında, həm tələbələrin yetişməyində, həm də jurnalistikasında özünəməxsus bir dəst-xətli olub”.

CROSSMEDIA - Jurnalistika fakültəsinin tədris proqramı dəyişməlidir- Vüqar  Zifəroğlu

 

 Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının baş müəllimi Billurə Aslanqızı radionun sirlərini, Azərbaycan radiosunun ənənələrini, eləcə də ədəbi redaktənin incəliklərini professor Yalçın Əlizadədən öyrəndiyini deyir:

 

"O, mənim tələbəliyimdə, televiziya yaradıcılığımda, elmi-pedaqoji fəaliyyətimdə xüsusi rolu olan özəl insanlardandır. O, mənim diqqətli müəllimim, qayğıkeş kafedra müdürüm,tələbkar dekanım, dəyərli elmi rəhbərimdir. Yalçın müəllimlə həm bir tələbə, həm bir qrup nümayəndəsi, həm bir araşdırmaçı, həm də gənc müəllim kimi ünsiyyətdə olmaq, oxumaq, öyrənmək, çalışmaq mənə həyatımın çox böyük təcrübəsini qazandırıb. Hər zaman tələbkar, razı qaldığını çox az büruzə verən, daim üzərində işləməyin önəmini təlqin edən Yalçın müəllim jurnalist həyatımın ən vacib məqamlarında məni istiqamətləndirib. 90-cı illərin sonunda Azərbaycan televiziyasına ilk addımları onun dəstəyi ilə atmışam. 2010-cu ildə gənc müəllim kimi auditoriyaya ilk dəfə onun xeyir-duası ilə qədəm qoymuşam. "Azərbaycanda televiziyanın inkişaf mərhələləri" adlı elmi işimi onun rəhbərliyi ilə ərsəyə gətirib müdafiə etmişəm.Bir sözlə,professor Yalçın Əlizadə mənim üçün doğma, dəyərli və unudulmaz müəllimlərdəndir. Nə yaxşı ki, mən onun tələbəsi, yetirməsi olmuşam".

 

“İnformator.az”a danışan Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Nəmənd Rüstəmov Yalçın Əlizadənin həm dekan, həm rəhbər, həm də müəllim kimi onun həyatına özünəməxsus izi və toxunuşu olduğunu xüsusi vurğulayır:

 

“Bizim dövrdə magistraturaya qəbul imtahanları test üsulu ilə keçirilmir, diplom balı və yazılı imtahan nəticələri əsasında qəbul olurdu. Qeyd edim ki, mənim heç vaxt fərqlənmə diplomum olmayıb. Çünki hesab edirdim ki, jurnalistikada nəzəri biliklərdən çox, praktik istiqamət vacibdir. Magistraturaya qəbul imtahanları zamanı bəzi subyektiv səbəblərdən kənarda qaldım. Heç vaxt jurnalist kimi seçilməyən, hətta redaksiyaya ayağı dəyməyən adamlar magistrant adını qazandılar, mən isə yox. Bu, məni çox incitdi, küsdüm. Heç kimə heç nə demədim, xahiş etmədim. Lider TV-də işimin başına döndüm.

 

Bir müddət sonra Yalçın müəllim zəng etməyə başladı. Bir dəfə açmadım, iki dəfə açmadım, çox incimişdim. Hətta fakültədən də incimişdim. Sonra Yalçın müəllim iş yoldaşlarım vasitəsilə xəbər göndərdi ki, təcili onunla danışım. Getdim yanına.Yalçın müəllim məndən soruşdu ki, niyə telefonu açmırsan? Mən isə özümü sərt göstərməyə çalışıb “iş çoxdur” dedim. Əslində isə çox sarsılmışdım və bilirdim ki, bu məsələlərdə Yalçın müəllimin günahı yoxdur. O dedi ki, “Nəmənd, belə bir hadisə baş verib, sən də bil. İmtahandan sonra universitet rəhbərliyi ilə görüşdüm və izah etdim ki, fakültənin gələcəyi üçün magistraturada oxumağa ən layiq namizədlərdən biri sənsən. Sənin haqqına girilib. Mən rektordan xahiş etdim və o məni başa düşdü. Sənə və daha bir tələbəyə əlavə magistr yeri ayrılması üçün Nazirlər Kabinetinə müraciət göndərilib”.

 

Bu sözlər mənim üçün tam gözlənilməz idi. Çünki nə mən, nə atam, nə də qohumlarım heç kimdən heç nə xahiş etmişdi. Sadəcə Yalçın müəllim bilirdi ki, mənim fakültə üçün faydam ola bilər. Buna görə də özü təşəbbüs göstərib mənim haqqımı müdafiə etmişdi. Nəticədə əlavə yer ayrıldı və mən magistraturaya qəbul olundum. Çağırdılar, təbrik etdilər, sənədlərimi verdilər. Mənim üçün bu, film kimi, tam inanılmaz bir hadisə idi”. Heç bir qohumluq əlaqəsi olmayan birinin onu düşünməsi, onun üçün narahat olması Nəmənd Rüstəmovun həyatında dərin iz qoyub. “Allah Yalçın müəllimə rəhmət eləsin. O, bizim üçün həmişə əzizdir. Xatirəsi isə ən yaxşı insan və pedaqoqlardan biri kimi qalacaq. Mən fəxr edirəm ki, mənim Yalçın müəllim kimi bir ustadım olub”.

 

“İnformator.az”la xatirələrini bölüşən AzTV Teleradio Akademiyasının rektoru Almaz Nəsibova üçün də Yalçın Əlizadə ən sevimli müəllimlərindən biridir, hətta birincisi olub:

 

“Yalçın müəllim, mən tələbə olanda Televiziya və Radio Jurnalistikası kafedrasının müdiri idi və iş elə gətirdi ki, mən ixtisaslaşmada radio qrupuna düşdüm. Bizimlə çalışırdı, yeri gələndə çox səmimi söhbətlər edirdi. Mənim üçün Yalçın müəllim təkcə jurnalistikanın nəzəriyyəsində əsas müəllimlərdən biri deyildi, həm də bizə yol göstərən bir insan, bir şəxsiyyət idi. Yaxşı, çox dürüst insan idi, çox ləyaqətli insan idi və bizə də həmişə bunu öyrədirdi. Şəxsən mən ondan çox şey götürmüşəm. Heç vaxt səsinin tonunu qaldırmazdı. Ən kəskin tənqidi sözləri belə yavaş deyirdi. Onun haqqında çox şey demək olar. Həm çəkinirdik, həm də ərk edirdik və bilirdik ki, müəllimimiz bizi dəstəkləyəcək”. Almaz Nəsibova sərt insan kimi tanınan Yalçın Əlizadənin kövrəldiyinə şahid olub: “Bu sərt insanın bir gün kövrələn gördüm. Yanına gedəndə sevimli dostu Tofiq Rüstəmovun rəhmətə getdiyini öyrəndim. Yalçın müəllim özünü saxlamadan hönkür-hönkür ağladı, bu anlar mənim xatirimdən heç vaxt silinməyəcək. Dost sevgisi onun üçün o qədər böyük və müqəddəs idi ki, o, tələbələrin qarşısında belə kədərini gizlətmədi”.

 

 

Almaz Nəsibova sevimli müəlliminin təmkinini dəfn prosesindəki sakitliklə qarşılaşdırır:

 

“Ustad səssiz-səmirsiz dəfn edildi. Səs-küyü sevən insan deyildi. Bəlkə də bu elə ondan irəli gəlir ki, taleyində sona qədər bu proses olub".

 

Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu də “İnformator.az”a xatirələrindən danışıb:

 

“Yalçın müəllim Jurnalistika fakültəsi ilə adı yanaşı çəkilən ziyalılardandır. Onu çox gözəl xatırlayıram. Biz tələbə olanda Yalçın müəllim dekanımız idi. İndinin özündə də dekan deyəndə ağla gələn ilk şəxs Yalçın Əlizadədir. Dekanlıq xüsusiyyətlərini həmişə Yalçın müəllimin xüsusiyyətləri ilə eyniləşdirirəm. Hamıda Yalçın müəllimin xüsusiyyətlərini axtarıram. Tələbkar, ədaləti sevən, qoruyan biri idi. Müəyyən qədər sərtliyi ilə yanaşı rəhmdilliyi də vardı. Müəllim və tələbələrinin qeydinə qalırdı. Biz durduqca Yalçın müəllim bizimlə yaşayacaq”.

Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova “İnformator.az”a müsahibəsində onda müəllim adına olan xüsusi hörməti, sonsuz ehtiramı yaradanlardan birinin məhz Yalçın Əlizadə olduğunu bildirib:

 

“Jurnalistika fakültəsində Nəsir İmanquliyevdən, Tofiq Rüstəmovdan, Şirməmməd Hüseynovdan, Nəsir Əhmədlidən, Yalçın Əlizadədən dərs almışam. Müəllimlərimin bəlkə də həyatımın axarını dəyişdirəcək qərarlar verməyimdə rolu böyük olub. Onlardan biri Yalçın müəllimdir. 1999-2012-ci illərdə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı olmuş professor Yalçın Əlizadə. Tələbəliyimi yenicə bitirmişdim, telekanallardan birində redaktor kimi çalışırdım. Dedilər ki, Yalçın müəllim səni çağırır. Fakültəyə getdim. “Qızım, sən bu doğma ocağa qayıtmalısan” - dedi. Mən isə həyatımı ancaq çevik praktik jurnalist kimi təsəvvür edirdim. Masa arxasında oturub iş vaxtını başa vurmaq mənlik deyildi. Yalçın müəllimlə söhbətdən sonra anladım ki, jurnalistikamızın inkişafı üçün fakültədə daha faydalı ola bilərəm. Beləcə pedaqoji fəaliyyətim başladı”.

 

Yalçın Əlizadə hər zaman gənclərə dəstək olub, güvənib, etimad göstərib. “Biz də onun etimadını doğrultmaq üçün çalışardıq. İllər keçdi, mən də müəllimlikdə özümü tapdım, fəlsəfə doktoru adını da aldım, həyat elə gətirdi ki, universitetdən ayrılmalı oldum. Amma hər il bayramlarda, doğum günündə zəng vurub müəllimimi təbrik edirdim. Hər dəfəsində də “fakültəyə qayıtmalısan” deyirdi. İllər əvvəl olduğu kimi. Bu gün mən yenə Jurnalistika fakültəsində çalışıram, indi müəllimimin dediyi sözləri daha gözəl anlayıram. Univetsitet bizim elm məbədimiz, fakültəmiz isə qürur yerimizdir. Yolunuzu davam etdiririk, Ustad!”

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər