00:00:00
Yazar
Aysel Mirzəyeva
05.03.2026 21:52 29 3 dəq oxuma
Siyasət

"Prosesin regional müharibəyə çevrilmə ehtimalı da ciddi şəkildə müzakirə olunur" -ŞƏRH

"Prosesin regional müharibəyə çevrilmə ehtimalı da ciddi şəkildə müzakirə olunur" -ŞƏRH

ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar yeni mərhələyə daxil olur. Vaşinqton hücumların intensivliyini artırmaq qərarına gəlib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Yaxın Şərqdə gərginliyin yeni mərhələyə daxil olması regionun təhlükəsizlik arxitekturası baxımından ciddi suallar doğurur:

 

“Son günlər Pentaqon tərəfindən bölgəyə əlavə qüvvələrin göndərilməsi və hərbi əməliyyatların genişləndirilməsi barədə verilən qərarlar göstərir ki, ABŞ və İsrail tərəfindən İran üzərində hərbi və siyasi təzyiq strategiyası yeni mərhələyə keçir. Bu prosesin isə yalnız lokal qarşıdurma ilə məhdudlaşmayacağı ehtimalı getdikcə daha çox müzakirə olunur. Bu kontekstdə regiondakı ABŞ hərbi bazalarının təhlükəsizliyi məsələsi də xüsusi diqqət mərkəzindədir. ABŞ-nin Yaxın Şərqdə yerləşən bazaları - İraq, Suriya və Körfəz ölkələrindəki hərbi infrastrukturu Vaşinqtonun regional hərbi strategiyasının əsas elementlərindən biridir. Hazırda bu obyektlərin potensial hədəflərə çevrildiyini deyə bilərik. İran hazırda raket və pilotsuz uçuş aparatları ilə ABŞ hərbi bazalarına intensiv zərbələr endirir. Buna görə də, ABŞ-nin bazalarının təhlükəsizliyinin təmin olunması üçün əlavə hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi, kəşfiyyat fəaliyyətinin genişləndirilməsi və regional müttəfiqlərlə koordinasiyanın gücləndirilməsi ehtimalı yüksəkdir".

 

Həmçinin şərhçi qeyd edib ki, ikinci mühüm məsələ İranın regiondakı müttəfiqlərinin reaksiyasıdır:

 

“Tehran uzun illərdir ki, Yaxın Şərqdə təsirini yalnız klassik dövlət mexanizmləri ilə deyil, həm də müxtəlif qeyri-dövlət aktorları vasitəsilə qoruyur. Bu baxımdan İranın təsir dairəsinə daxil olan silahlı qrupların və siyasi qüvvələrin reaksiyası hadisələrin gedişinə ciddi təsir göstərə bilər. Belə strukturların bəziləri artıq keçmişdə ABŞ və İsrail maraqlarına qarşı hücumlar həyata keçiriblər. Bu səbəbdən əməliyyatların genişlənməsi həmin qüvvələrin aktivləşməsi riskini də artırır. Tehran birbaşa hərbi qarşıdurmadan yayınmağa çalışsa belə, regiondakı müttəfiqləri vasitəsilə təzyiq strategiyasını gücləndirə bilər”.

 

Son olaraq şərhçi vurğulayıb ki, digər tərəfdən prosesin regional müharibəyə çevrilmə ehtimalı da ciddi şəkildə müzakirə olunur:

 

“Hazırda tərəflərin tammiqyaslı müharibəyə girmək istəmədiyi barədə müəyyən arqumentlər mövcuddur. Həm ABŞ, həm də İran üçün belə bir qarşıdurma böyük iqtisadi və siyasi risklər yarada bilər. Bununla belə, Yaxın Şərqdə təhlükəsizlik mühiti son dərəcə həssasdır və kiçik bir insident belə daha geniş eskalasiyaya səbəb ola bilər. Xüsusilə raket zərbələri, enerji infrastrukturu ətrafında baş verə biləcək hadisələr və ya mülki itkilər vəziyyəti sürətlə nəzarətdən çıxara bilər. Bu kontekstdə regionun enerji və nəqliyyat marşrutları da risk altında qala bilər. Fars körfəzi və ətraf akvatoriyalar qlobal enerji bazarı üçün strateji əhəmiyyət daşıyır. Əgər gərginlik daha da artsa, bu marşrutların təhlükəsizliyi ilə bağlı narahatlıqlar qlobal enerji qiymətlərinə və beynəlxalq iqtisadi münasibətlərə də təsir göstərə bilər. Odur ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatları genişləndirməsi Yaxın Şərqdə onsuz da kövrək olan təhlükəsizlik balansını daha da həssas vəziyyətə gətirir. Bu proses təkcə üç aktor arasındakı qarşıdurma deyil, həm də regiondakı müxtəlif siyasi və hərbi güclərin iştirak edə biləcəyi daha mürəkkəb geosiyasi dinamikanın formalaşmasına səbəb ola bilər. Məhz buna görə də yaxın dövrdə diplomatik kanalların aktivləşdirilməsi və gərginliyin idarə olunması region üçün həlledici əhəmiyyət daşıyacaq”.


Aytac İbrahimova

#şəkildə #yeni #regional #xəbər #-şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər