Psixoloq seçimi: Etibarlı mütəxəssisi necə müəyyən etmək olar?
Psixoloji dəstəyə müraciət edən insanların sayının artması ilə yanaşı, psixoloq seçimi də daha aktual məsələlərdən birinə çevrilib. Xüsusilə sosial şəbəkələrdə özünü psixoloq və ya kouç kimi təqdim edən şəxslərin çoxalması insanların doğru mütəxəssisi müəyyən etməsini çətinləşdirir. Halbuki psixoloji yardımın faydalı olması üçün müraciət edilən mütəxəssisin peşəkarlığı, etik davranışı və istifadə etdiyi metodlar böyük əhəmiyyət daşıyır. Yanlış seçim isə insanın psixoloji vəziyyətinə mənfi təsir göstərə, müalicə prosesini uzada bilər.
Mövzu ilə bağlı Uzman psixoloq-psixoterapevt, Qərbi Kaspi Universitetinin “Psixologiya və Sosial iş” kafedrasının müəllimi Səbinə Bayramova “İnformator.az”a açıqlamasında bildirib ki, ali təhsil psixoloqun baza hazırlığını göstərir. Lakin psixologiya daim inkişaf edən elm sahəsidir:

"Psixoloq seçərkən peşə təcrübəsi vacib meyarlardan biridir, lakin tək meyar deyil. Təcrübə o zaman dəyərli hesab olunur ki, mütəxəssis bu müddət ərzində elmi əsaslı yanaşmalarla işləsin, davamlı peşəkar inkişaf etsin və etik prinsiplərə əməl etsin. Eyni zamanda, psixoloqun hansı sahədə ixtisaslaşdığı da önəmlidir. Məsələn, uşaq və yeniyetmələrlə çalışan mütəxəssis böyüklərin psixoterapiyasında, ailə və cütlük terapevti isə travma kimi sahələrdə kifayət qədər təcrübəyə malik olmaya bilər. Eyni şəkildə, klinik psixoloq da mütləq ailə və cütlük terapiyası üzrə ixtisaslaşmış hesab edilmir. Klinik psixologiya üzrə təhsil və ya fəaliyyət göstərmək avtomatik olaraq bütün psixoterapiya sahələrində peşəkar səriştəyə malik olmaq demək deyil. Praktik olaraq bunu belə izah edə bilərik: necə ki, diz ağrısı olan insan ilk növbədə ürək həkiminə deyil, ortopedə müraciət edir, psixoloji məsələlərdə də uyğun sahədə çalışan psixoloqu seçmək daha doğru yanaşmadır. Qeyd edim ki, psixologiya və psixoterapiya sahəsində müraciət edən şəxs üçün daha çox "kliyent" termini istifadə olunur. Bu yanaşma insanın yalnız müalicə alan pasiyent deyil, terapiya prosesinin aktiv iştirakçısı olduğunu vurğulayır. "Kliyent" rəyləri müəyyən təsəvvür yarada bilər, lakin onları əsas meyar hesab etmək düzgün deyil. Psixoterapiya fərdi prosesdir. Eyni mütəxəssis bir insan üçün çox faydalı ola bilər, digər insan isə onun yanaşmasını özünə uyğun hesab etməyə bilər. Bu, mütləq şəkildə psixoloqun peşəkarlığını göstərmir. Bundan əlavə, sosial şəbəkələrdə və müxtəlif platformalarda paylaşılan rəylərin həmişə obyektiv və ya həqiqi olduğunu təsdiqləmək mümkün olmur. Daha etibarlı meyarlar bunlardır:
• psixoloqun ali təhsili və peşə hazırlığı;
• işlədiyi elmi əsaslı psixoterapiya yanaşmaları;
• etik prinsiplərə əməl etməsi;
• ilk görüş zamanı özünü peşəkar şəkildə təqdim etməsi və terapiya prosesini aydın izah etməsi;
Ən vacib məqamlardan biri də budur ki, "kliyent" ilk seanslardan sonra özünü təhlükəsiz, dinlənilmiş və hörmətlə qarşılanmış hiss etməlidir. Terapevtik münasibət psixoterapiyanın effektivliyində mühüm rol oynayan amillərdəndir.
Qiymət praktiki baxımdan vacib amildir, çünki psixoterapiya əksər hallarda bir neçə görüşdən ibarət olur və insan uzunmüddətli davam etdirə biləcəyi xidməti seçməlidir. Lakin yüksək qiymət həmişə yüksək keyfiyyət, aşağı qiymət isə zəif xidmət demək deyil. Əsas məsələ göstərilən xidmətin elmi və etik standartlara uyğun olmasıdır. Məsələn, əgər insan yalnız bir dəfə yüksək məbləğ ödəyə bildiyi üçün sonrakı görüşləri davam etdirə bilməyəcəksə, bu, terapiyanın effektivliyinə mənfi təsir göstərə bilər. Buna görə seçim edərkən həm xidmətin keyfiyyətini, həm də onu davam etdirmək imkanını birlikdə qiymətləndirmək daha məqsədəuyğundur. Psixoterapiyanın effektivliyi, eyni zamanda, müraciət edən şəxsin terapiya prosesində davamlı iştirakından da asılıdır. Praktikada bəzən insanlar bir və ya iki seansdan sonra terapiyanı yarımçıq dayandırır və ya görüşlər arasında uzun fasilələr verirlər. Halbuki uzun müddət ərzində formalaşmış düşüncə, davranış və emosional çətinliklərin qısa müddətdə tam aradan qalxmasını gözləmək real deyil. Psixoterapiya müəyyən mərhələlərdən ibarət bir prosesdir və davamlı əməkdaşlıq tələb edir. Burada konsultativ görüşlərlə psixoterapiya prosesini də fərqləndirmək vacibdir. Bəzi hallarda psixoloji konsultasiya konkret bir məsələ ilə bağlı istiqamətləndirmə xarakteri daşıdığı üçün görüşlər daha uzun fasilələrlə planlaşdırıla bilər. Psixoterapiya isə emosional çətinliklərin, davranış nümunələrinin və uzun müddət ərzində formalaşmış psixoloji problemlərin üzərində sistemli şəkildə işlənilən bir prosesdir. Bu səbəbdən terapevtik görüşlərin effektivliyi üçün mütəxəssisin tövsiyə etdiyi intervallarla müntəzəm iştirak etmək vacibdir. Görüşlərin tez-tez təxirə salınması və ya uzun fasilələrin yaranması terapiya prosesinin davamlılığını poza və gözlənilən nəticələrin əldə olunmasını ləngidə bilər. Elmi araşdırmalar göstərir ki, psixoterapiyada davamlılıq və terapevtik prosesdə aktiv iştirak müsbət nəticə əldə etmək ehtimalını əhəmiyyətli dərəcədə artırır. Bu gün sosial şəbəkələrdə psixologiya ilə bağlı məzmun hazırlayan insanların sayı sürətlə artır. Lakin çoxsaylı izləyicinin olması və ya təsirli videolar paylaşmaq həmin şəxsin psixoloq olduğunu göstərmir. İnsanlar ilk növbədə bu suallara cavab tapmağa çalışmalıdır:
• həmin şəxsin psixologiya üzrə ali təhsili varmı?
• hansı universiteti bitirib?
• hansı sahədə fəaliyyət göstərir?
• psixoterapiya üzrə əlavə peşə hazırlığı keçibmi?
• fəaliyyətində elmi əsaslı metodlardan istifadə edirmi?
Son dövrlərdə sosial şəbəkələrdə özünü "şüuraltı terapist", "şüuraltı mütəxəssisi" və ya oxşar adlarla təqdim edən şəxslərin sayı da artıb. Qeyd etmək vacibdir ki, "şüuraltı terapisti" psixologiyada və səhiyyə sistemində ayrıca tanınan peşə və ya ixtisas deyil. Şüuraltı proseslər, erkən həyat təcrübələrinin davranış və emosiyalara təsiri kimi mövzular psixologiya elmində öyrənilir. Lakin bu sahə ilə peşəkar şəkildə işləmək üçün psixologiya üzrə ali təhsil və müvafiq psixoterapiya hazırlığı tələb olunur.
Əgər terapiya zamanı insanın travmaları, emosional çətinlikləri və ya şüuraltı prosesləri ilə işlənilirsə, bunu elmi əsaslı psixoterapiya metodları üzrə hazırlıq keçmiş psixoloq-psixoterapevt həyata keçirməlidir. Təkcə "şüuraltı üzrə sertifikat" və ya qısamüddətli kurs keçmək insanın psixoterapiya aparmaq səlahiyyəti vermir.
Xüsusilə, diqqətli olmaq lazımdır ki, heç bir peşəkar psixoloq qısa videolar vasitəsilə hər kəsə diaqnoz qoymur, "bir görüşdə bütün travmalarınızı sağaldıram", "7 günə panik atakdan tam qurtulacaqsınız", "şüuraltınızı bir seansda proqramlaşdıracağam" və ya "100 faiz zəmanətli nəticə" kimi iddialar irəli sürmür. Psixologiyada bu cür qəti və universal vədlərin elmi əsası yoxdur. "Kouç" anlayışı da psixoloq anlayışı ilə eyni deyil. Kouçluq əsasən şəxsin məqsəd qoyması, motivasiya və performansını inkişaf etdirməsi istiqamətində dəstək prosesidir. O, psixi pozuntuların diaqnostikası və psixoterapiyası ilə məşğul olmur. Son illər "münasibət kouçu" anlayışı da geniş yayılıb. Lakin evlilik öncəsi hazırlıq, ailədaxili münaqişələr, xəyanət sonrası etimadın bərpası, boşanma riski, emosional zorakılıq, bağlanma problemləri və ya digər mürəkkəb münasibət çətinlikləri zamanı ailə və cütlük terapevti daha uyğun mütəxəssisdir. Çünki ailə və cütlük terapevtləri bu sahə üzrə xüsusi peşə hazırlığı alır, münasibətlər sistemini elmi yanaşmalar əsasında qiymətləndirir və terapiya aparırlar.
Bundan əlavə, mütəxəssisin sosial şəbəkələrdə peşəkar davranışına da diqqət yetirmək faydalıdır. Psixoloq və psixoterapevtlər sosial mediada fəaliyyət göstərərkən də peşə etikası prinsiplərinə riayət etməlidirlər. Bu, yalnız paylaşdıqları məlumatın elmi əsaslı olması ilə məhdudlaşmır. Eyni zamanda şəxsi və peşəkar rollar arasında sağlam sərhədlərin qorunması, peşəkar imicin saxlanılması və cəmiyyətin etimadını zədələyə biləcək paylaşımlardan çəkinmək də etik məsuliyyətin bir hissəsidir. Buna görə bir çox peşəkar psixoterapevt sosial media fəaliyyətini əsasən maarifləndirici və peşəkar məzmun üzərində qurur, şəxsi həyatını və ailə münasibətlərini kontentin mərkəzinə çevirməməyə çalışır. Bu yanaşma terapevtik münasibətdə peşəkar sərhədlərin qorunmasına xidmət edir. Diplom və sertifikat vacibdir, lakin onlar təkbaşına peşəkarlığın tam göstəricisi hesab edilə bilməz. Ali təhsil psixoloqun baza hazırlığını göstərir. Lakin psixologiya daim inkişaf edən elm sahəsidir. Buna görə peşəkar mütəxəssis mütəmadi olaraq yeni elmi araşdırmaları izləməli, ixtisasartırma proqramlarında iştirak etməli, superviziya almalı və etik kodeksə riayət etməlidir. Digər tərəfdən, çoxsaylı sertifikatların olması da avtomatik olaraq yüksək peşəkarlıq demək deyil. Bu sertifikatların hansı təşkilatlar tərəfindən verildiyi, onların məzmunu və elmi etibarlılığı da qiymətləndirilməlidir. Mən insanlara adətən bir neçə meyarı birlikdə nəzərə almağı tövsiyə edirəm: ali təhsil, peşəkar ixtisaslaşma, etik davranış, elmi əsaslı metodlardan istifadə, davamlı peşəkar inkişaf və "kliyentlə" qurulan sağlam terapevtik münasibət. Etibarlı psixoloq məhz bu amillərin vəhdəti ilə seçilir, təkcə diplom və ya sosial şəbəkədəki populyarlıqla deyil. Psixoloji xidmət insanın psixi sağlamlığı ilə bağlı məsuliyyətli sahədir və seçim də buna uyğun aparılmalıdır".
Digər psixoloq Nabat Mirzəyeva isə mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, psixoloji sağlamlıq dəbə uyğun seçim deyil, həyati əhəmiyyət daşıyan bir seçimdir:

"Psixoloq seçimi zamanı mütəxəssisin peşə təcrübəsi vacibdir, amma yeganə əsas meyar hesab olunmur. Təcrübəli psixoloq müxtəlif hallarla qarşılaşdığı üçün vəziyyəti daha düzgün qiymətləndirə bilər. Bununla yanaşı, psixoloqun davamlı təhsil alması, elmi sübutlu metodlardan istifadə etməsi və etik prinsiplərə əməl etməsi təcrübə qədər önəmlidir. Bəzən az təcrübəsi olan, ancaq məsuliyyətli və daim öz üzərində işləyən bir psixoloq illərlə çalışan, lakin özünü yeniləməyən mütəxəssisdən daha effektiv ola bilər. Əsas məsələ illərin sayında deyil, mütəxəssisin öz üzərində çalışmasında və etik metodlara uyğun fəaliyyət göstərməsindədir.
Əvvəlki pasiyentlərin rəyləri seçim zamanı müəyyən fikir yarada bilsə də, həlledici meyar deyil. Psixoloqa müraciət edən hər bir şəxsə yanaşma fərqlidir. Bir mütəxəssis bir insana müsbət təsir göstərdiyi halda, başqa birinə eyni dərəcədə təsir etməyə bilər. Psixoloji yardım fərdi prosesdir. Bir pasiyent üçün uyğun olan yanaşma digərinə uyğun gəlməyə bilər. Həmçinin sosial şəbəkələrdəki rəylərin nə dərəcədə obyektiv olduğunu müəyyən etmək çətindir. Buna görə də rəylərlə yanaşı, psixoloqun peşəkar fəaliyyətinə, etik davranışlarına, təhsilinə və ilk görüşdə yaratdığı etibar hissəsinə diqqət yetirilməlidir. Xidmətin qiyməti və əlçatanlığı psixoloq seçimində vacib amildir. Hər bir kəsin psixoloqa rahat müraciət edə bilməsi üçün qiymət uygun olmalıdır. Psixoloji dəstək adətən bir seansla bitmir və davamlı proses tələb edir. Lakin yüksək qiymət heç də həmişə yüksək peşəkarlıq demək deyil. Eyni zamanda, çox ucuz xidmət də keyfiyyətin göstəricisi sayıla bilməz. Əsas məqsəd qiymət deyil, göstərilən xidmətin keyfiyyəti, elmi əsaslara diqqət yetirilməsi və mütəxəssisin doğru yanaşma metodunu tətbiq etməsidir. Sosial şəbəkələrdə özünü psixoloq və ya koç kimi təqdim edən şəxslərə etibar etməzdən əvvəl onların ali təhsilinə, ixtisasına, işlədiyi metodlara və peşəkar fəaliyyətinə diqqət yetirilməlidir. Əgər bir şəxs bütün psixoloji problemləri qısa müddətdə həll edəcəyini iddia edirsə, hər kəsə eyni üsulları tətbiq edirsə və elmi əsası olmayan vədlər verirsə, buna tənqidi yanaşılmalıdır. Psixologiyada möcüzəvi nəticələr və universal üsullar yoxdur. Psixologiya fərqlidir və fərdidir. Diplom və sertifikat mütəxəssisin təhsil aldığını göstərir, lakin yaxşı psixoloq olmaq üçün yalnız bunlar kifayət etmir. Peşəkar psixoloq dinləməyi bacarmalı, etik qaydalara riayət etməli, pasiyenti mühakimə etməməli və suçlamamalıdır. Məxfilik mütləq dərəcədə qorunmalıdır. Lazım gəldikdə digər mütəxəssislərlə əməkdaşlıq etməli və onların fikir-düşüncələrini nəzərə almalıdır. Ən vacib göstəricilərdən biri də psixoloqun pasiyentdə özündən asılılıq yaratmamasıdır. Əksinə, onun problemlərin öhdəsindən müstəqil gəlməsinə, fərdi inkişafına və özünü dərk etməsinə dəstək olmalıdır. Yaxşı psixoloq insanın yerinə qərar verən değil, ona öz qərarını sağlam şəkildə verməyi öyrədən mütəxəssisdir. Psixoloq seçərkən sosial şəbəkələrdəki populyarlığa və ya yazılan rəylərə deyil, peşəkarlığa, etik davranışa və yanaşma üslubuna diqqət yetirilməlidir. Çünki psixoloji sağlamlıq dəbə uyğun seçim deyil, həyati əhəmiyyət daşıyan bir seçimdir".
Samirə Allahverdizadə