00:00:00
Yazar
Aysel Mirzəyeva
06.03.2026 20:06 26 3 dəq oxuma
İqtisadiyyat

“PUA istehsalı Azərbaycan üçün hələ tezdir” - ŞƏRH

“PUA istehsalı Azərbaycan üçün hələ tezdir” - ŞƏRH

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdindəki Peşə Təhsil Mərkəzi ilə “Bayraktar Teknoloji Azərbaycan” MMC arasında kadr hazırlığı ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, bu çox sadə əməkdaşlıqdır və belə bu cür əməkdaşlıqların qarşısı sistematik şəkildə alınmalıdır:

 

“Belə ki, bu texnologiya Azərbaycanın bu boyuna biçilməyib. Bu çox son texnologiyalardır, yüksək texnologiyalardır və Azərbaycan hələ ki, istehsal mühiti, iqtisadi mühit, bu istehsal münasibətləri yüksək texnologiyalara hazır deyil və ona görə biz aşağı texnologiyalardan başlamalıyıq ki, onun üzərində dayanıqlı və səmərəli bir iqtisadiyyat qura bilək. Bu cür belə yüksək texnologiyalarda olan istehsallar bizə mümkün olmayacaqdır və əvəzində ona cəhd özü belə çoxlu xərclər edəcək. Belə məlum olacaq ki, bazar tələblərinə uyğun deyil. Hazırda onlar hərbidə istifadə olunmaq üçün yararlı deyil. Digərləri daha güclüdür. O asanlıqla sıradan çıxır, ya yerini müəyyən edir. Onu bu qədər istehsal xərc qoyub sonra yenidən idxal etməli olacağıq. Yəni bu ona görə bizim üçün kompüter istehsalı və PUA istehsalı uyğun deyil. Biz kənd təsərrüfatı istehsalı və qida sənayesi, yəni bu cür məsələlərə daha çox fokuslanmalıyıq”.

 

Həmçinin şərhçi qeyd edib ki, hazırda bizdə neft və qazdan alınan məhsullara da fokuslanmalıyıq:


“Onların üzərində müəyyən dəyər zənciri və klasterlər yaratmalıyıq və sonra oradan yavaş-yavaş, tədricən, pillə-pillə yuxarı qalxmağı düşünməliyik. Və ikinci məsələ Azərbaycanda peşə məktəbləri ilə bağlıdır. Peşə təhsili zorla çoxlu avadanlıqlar, çoxlu dövlət qayğısı və s. ilə boğulur və əslində onların oradakı təhsili daha da abstraktlaşdırılır. Yəni hazırda orada absurd və abstrakt bir təhsil sistemidir. Peşə təhsili əslində orada təhsil deyil, təhsildən kənar bir şeydir. Təhsilin imitasiyası gedir. Yenidən bunu bir də Azərbaycan üçün qeyri-mümkün olan bir PUA texnologiyası ilə birləşdirəndə tamamilə iqtisadi səmərəsiz bir mənzərə alınır və dövlət xərclərinin göyə sovrulması, bir israf mənzərəsi yaranır. Və belə bir şeylərə təbii ki, yaxşı münasibət bəsləmək olmaz. Bu hesab edirəm ki, bunların qarşısı alınmalıdır. Bu, Azərbaycanın ÜDM-nə mənfi təsir göstərəcək. Təbii ki, biz onu nə istehsal etmək, nə də istehsal edib ixrac etmək potensialına malik deyilik və biz onun idxalçısı ola bilərik. O cümlədən Türkiyədən. Əvəzində isə tekstilin yaranmasına fokuslanmaq lazımdır. Əgər Türkmənistanda tekstil sənayesi yaranıbsa, Azərbaycanda yarana bilmirsə, bu artıq bizim günahımızdır. Özbəkistanda müəyyən sənaye növləri artıq yaranmaq üzrədir. Biz də ona fokuslanmalıyıq. Biz Türkmənistanın, Gürcüstanın yolunu keçməliyik və ondan sonra növbə ilə gələcəkdə nisbətən daha yüksək texnologiyalar barədə danışa bilərik. Əks halda bu belə bir davamsız, dayanıqsız ideya, layihə, təşəbbüs olacaq ki, nəticəsi israf olacaqdır və ÜDM-nin azalması olacaq və ÜDM-yə bu dediyim kanallarla mənfi təsir göstərəcək”.


Günel Əlili

#azərbaycan #gündəm #baki #hələ #tezdir”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər