"Publik hüquqi şəxslərdə bəzi əməkhaqları azala bilər"
Azərbaycanda publik hüquqi şəxslərdə bəzi vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması ilə bağlı qəbul edilən qərar əməkhaqqı sistemində də dəyişikliklərə səbəb ola bilər.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov "İnformator.az"a açıqlamasında bildirib ki, qərar bütün publik hüquqi şəxslərə şamil olunur:
"Təxminən 10 il əvvəl dövlət hakimiyyəti səlahiyyətlərini əsasən dövlət orqanları həyata keçirirdi və həmin qurumlarda çalışan şəxslər dövlət qulluqçusu statusuna malik idilər. Onların əməkhaqqı da vahid qaydada müəyyən edilirdi.
2016-cı ildə "Publik hüquqi şəxslər haqqında" Qanun qəbul edildikdən sonra dövlət hakimiyyəti səlahiyyətlərinin əhəmiyyətli hissəsi publik hüquqi şəxslərə verildi. Lakin bu qurumlar dövlətə məxsus olsalar da, dövlət orqanı hesab edilmədikləri üçün onların əməkdaşları dövlət qulluqçusu statusu daşımayıblar. Bu isə əməkhaqqı sistemində fərqlərin yaranmasına səbəb olur".
Hüquqşünasın sözlərinə görə, publik hüquqi şəxsləri yaradan dövlət qurumları həmin müəssisələrdə çalışanlara fərqli, bəzi hallarda isə dövlət qulluqçularından daha yüksək əməkhaqqı təyin ediblər:
"Son illərdə publik hüquqi şəxslərin sayının artmasının səbəblərindən biri də məhz budur.
Publik hüquqi şəxslərin böyük əksəriyyəti gəlir əldə etmir və onların fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir. Dövlət büdcəsinə düşən yük və mövcud iqtisadi şəraiti nəzərə alsaq, publik hüquqi şəxslərdə əməkhaqqı sisteminin dövlət qulluğunda tətbiq olunan qaydalara uyğunlaşdırılması məqsədilə bu qərar qəbul edilib.
Qərarın tətbiqi nəticəsində bəzi publik hüquqi şəxslərin əməkhaqları azala bilər və ümumiyyətlə, praktiki icraya yaxın vaxtlarda başlanılması gözlənilir.Proses mərhələli şəkildə həyata keçiriləcək".
SÜSƏN MƏRDALIQIZI