“Pulsuz” gəzinti turlarında çaypulu nə qədər olmalıdır?
“Pulsuz” gəzinti turları əvvəlcədən ödəniş tələb etməsə də, bələdçilərin əsas gəliri turun sonunda verilən çaypulundan formalaşır.
Bu tur modelində turistlər əvvəlcədən ödəniş etmir, turun sonunda isə bələdçinin xidmətini nəzərə alaraq könüllü məbləğdə çaypulu verirlər. Sandemans Tours, GuruWalk, Walkative və Free Tour kimi platformalar bələdçilərə turist tapmaq imkanı yaradır. Bəzi platformalarda isə bələdçilər hər iştirakçı üçün sifariş və ya axtarış haqqı ödəyirlər.
Məsələn, Romada çalışan bələdçi Dafna hər qonaq üçün 3 avro ödədiyini bildirir. Turistin tura gəlməməsi isə bələdçinin həm vaxtını, həm də mümkün gəlirini itirməsi ilə nəticələnir.
Mütəxəssislər bildirirlər ki, çaypulu üçün vahid məbləğ müəyyən edilməyib. Məbləğ turun müddəti, şəhərdə yaşayış xərcləri, xidmətin keyfiyyəti və turistin büdcəsindən asılı olaraq dəyişə bilər.
Bəzi platformalar iştirakçı başına 15–50 avro aralığında çaypulu tövsiyə edir. Səyahətçilər arasında isə 15–25 avro aralığında çaypulu vermək geniş yayılmış yanaşmalardan biridir.
Tələbələr və maddi imkanları məhdud olan turistlər isə daha az məbləğ ödəyə bilərlər. Əsas meyar turun keyfiyyəti və bələdçinin göstərdiyi xidmətin nəzərə alınmasıdır.
Turun qiymətini əvvəlcədən dəqiq bilmək istəyən turistlər isə ödənişli turlara üstünlük verə bilərlər. Bu halda turun qiyməti əvvəlcədən müəyyən edilir və çaypulu ilə bağlı qeyri-müəyyənlik aradan qalxır.
Fatimə İbrahimova