Pulsuz Wi-Fi: Rahatlıqla bərabər risklər də gətirir
Bu gün demək olar ki, hər addımda pulsuz Wi-Fi şəbəkələri ilə qarşılaşırıq - kafelərdə, ticarət mərkəzlərində, hava limanlarında. İnternetə sürətli və ödənişsiz qoşulmaq hər kəs üçün cəlbedici görünsə də, bu rahatlığın arxasında ciddi təhlükələr gizlənə bilər.
Kibertəhlükəsizlik mütəxəssislərinin fikrincə, açıq Wi-Fi şəbəkələri şəxsi məlumatların oğurlanması, hesabların ələ keçirilməsi və müxtəlif kiberhücumlar üçün əlverişli mühit yaradır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov bildirib ki, açıq Wi-Fi şəbəkələri rahatlıq təqdim etsə də, bu şəbəkələr şifrələnmədiyi üçün ötürülən bütün məlumatlar kiber-cinayətkarlar asanlıqla "izləyə" bilir:
“Ən böyük təhlükə "Man-in-the-Middle" (Ortadakı adam) hücumlarıdır ki, burada haker sizinlə giriş nöqtəsi arasına girərək ötürdüyünüz bütün məlumatları oxuyur. Həmçinin, bəzi fırıldaqçılar kafenin və ya hava limanının adına bənzər saxta şəbəkələr yaradaraq (məsələn, "Airport_Free_WiFi" əvəzinə "Free_Airport_WiFi" sizin məlumatlarınızı birbaşa öz cihazlarına yönləndirirlər.
İctimai Wi-Fi üzərindən sosial şəbəkələrə və xüsusilə, bank tətbiqlərinə giriş etmək yüksək risk daşıyır, çünki daxil etdiyiniz şifrələr və ya bank kartı məlumatları ələ keçirilə bilər. Əgər mütləq qoşulmalı olsanız, mütləq VPN istifadə edərək məlumatlarınızı şifrələməli, tətbiqlərdə iki faktorlu autentifikasiya (2FA) sistemini aktiv saxlamalı və saytların HTTPS protokolu ilə işlədiyinə əmin olmalısınız. Ən təhlükəsiz addım isə həssas əməliyyatlar üçün ictimai Wi-Fi-dan imtina edib öz mobil internetinizdən istifadə etməkdir”.
Səadət Əlizadə