Pulsuzun görünməyən qiyməti: tətbiqlər məlumatlarımızı niyə “yeyir”?
Mobil tətbiqlərin böyük bir hissəsi istifadəçilərə “pulsuz” təqdim olunur. Lakin bu pulsuzluğun əvəzində ödənilən qiymət çox vaxt pul deyil, şəxsi məlumatlardır. Lokasiya, əlaqə siyahısı, davranış vərdişləri və hətta gündəlik seçimlər - istifadəçilər fərqinə varmadan bu məlumatları tətbiqlərlə paylaşır. Mütəxəssislər bildirir ki, pulsuz tətbiqlərin əsas gəlir mənbəyi reklamdan çox, istifadəçi məlumatlarının toplanması və təhlilidir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov qeyd edib ki, “pulsuz” mobil tətbiqlərin əsas gəlir modeli istifadəçini müştəridən daha çox məhsula çevirmək üzərində qurulub:
“Bu tətbiqlərin bu qədər geniş həcmdə məlumat toplamasının fundamental səbəbi rəqəmsal reklam bazarında rəqabət qabiliyyətini artırmaqdır. Tərtibatçılar üçün sizin yaşınız, cinsiniz, maraq dairəniz və anlıq yerləşdiyiniz məkan reklamverənlər üçün ən dəyərli aktivlər hesab olunur. Beləliklə, tətbiq sahibləri proqramın hazırlanmasına çəkilən xərcləri istifadəçilərin şəxsi profillərini reklam şirkətlərinə və məlumat brokerlərinə (Data Brokers) icarəyə verməklə dəfələrlə artıqlaması ilə çıxarır.
İqtisadi baxımdan bu məlumatlar “hədəflənmiş reklamlar” üçün əvəzolunmazdır. Məsələn, bir ayaqqabı mağazası reklamını hər kəsə göstərib büdcəsini israf etmək əvəzinə, son bir həftə ərzində idman tətbiqlərində aktiv olan və şəhərin mərkəzində hərəkət edən şəxsləri hədəfləməyi üstün tutur. Bu dəqiqlik reklamın effektivliyini artırdığı üçün istifadəçi məlumatları rəqəmsal valyuta rolunu oynayır. Əslində, toplandığı anda xüsusi məna ifadə etməyən kiçik məlumat parçaları böyük verilənlər (Big Data) alqoritmləri vasitəsilə birləşdirildikdə, istifadəçinin növbəti addımını proqnozlaşdıra bilən güclü iqtisadi alətə çevrilir. Buna baxmayaraq, smartfonlarda mövcud olan “icazə istəmə” mexanizmi real təhlükəsizliyi təmin etməkdən çox, hüquqi “qalxan” funksiyası daşıyır. Bir çox tətbiq istifadəçini “ya bütün icazələri ver, ya da tətbiqdən istifadə etmə” prinsipi ilə seçim qarşısında qoyur ki, bu da azad seçim imkanını məhdudlaşdırır. Həmçinin, istifadəçi bir dəfə icazə verdikdən sonra məlumatların arxa planda necə emal edildiyini və hansı üçüncü tərəflərlə paylaşıldığını izləmək imkanına malik olmur. Dolayısı ilə, bu mexanizm yalnız qapını kimin açdığını göstərir, lakin içəri daxil olanların evdə nə etdiyini nəzarətdə saxlamaq üçün kifayət qədər şəffaf deyil".
Banu Məmmədova
