“Qərarların uğuru vəsaitlərin nə dərəcədə düzgün idarə olunmasından asılıdır” - ŞƏRH
Azərbaycan Respublikası İqtisadi Şurasının iclasında aqrar sahənin inkişafı ilə bağlı mühüm qərarlar qəbul olunub. İclasda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, istehsalın artırılması və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi əsas müzakirə mövzuları olub.
Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimli “İnformator.az”a açıqlamasında bildirib ki, qəbul edilən qərarlar kənd təsərrüfatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər:
“Bu qərarlar aqrar sektorun inkişafında keyfiyyətcə yeni mərhələ yarada bilər. Əsas prioritetlər istehsalın artırılması, risklərin azaldılması və dövlət dəstəyinin daha effektiv şəkildə yönəldilməsi üzərində qurulub. Bu yanaşma kənd təsərrüfatının daha sistemli və dayanıqlı inkişafına zəmin yaradır. Görülən tədbirlər məhsuldarlığın artmasına birbaşa təsir edəcək. Subsidiyaların genişləndirilməsi və dəstək mexanizmlərinin gücləndirilməsi fermerlərin müasir texnologiyalara çıxışını artıracaq. Suvarma sistemlərinin təkmilləşdirilməsi, aqrotexniki yeniliklərin tətbiqi nəticəsində hektar üzrə məhsuldarlığın artması gözlənilir. Eyni zamanda, aqrar sığorta sisteminin gücləndirilməsi istehsal risklərini azaldaraq fermerlərin fəaliyyətini daha sabit və planlı edəcək”.
Şərhçi əlavə edib ki, yeni mexanizmlər sektorun daha rəqabətqabiliyyətli olmasına xidmət edir:
“Qərarlar çərçivəsində dövlət dəstəyinin daha hədəfli şəkildə bölüşdürülməsi, güzəştli kreditlərin artırılması, logistika və emal infrastrukturuna investisiyaların təşviqi nəzərdə tutulur. Bununla yanaşı rəqəmsal kənd təsərrüfatı alətlərinin tətbiqi sektorun yalnız istehsal deyil, həm də bazar yönümlü inkişafına şərait yaradacaq. Bu addımların əsas məqsədi ərzaq təhlükəsizliyini gücləndirməkdir. Yerli istehsalın artması idxaldan asılılığın azalmasına, daxili bazarda qiymət sabitliyinin qorunmasına və strateji ehtiyatların formalaşmasına imkan verəcək. Bu isə xüsusilə qlobal təchizat zəncirlərində risklərin artdığı dövrdə ölkənin iqtisadi dayanıqlığını gücləndirir. Aqrar sektora geniş dövlət dəstəyi müəyyən fiskal risklər yarada bilər. Subsidiyalar və güzəştli kreditlər dövlət büdcəsi üçün əlavə yük formalaşdırır. Əgər bu vəsaitlər düzgün və səmərəli idarə olunmazsa, iqtisadi effekt zəifləyə və büdcə xərcləri arta bilər. Eyni zamanda, uzunmüddətli perspektivdə subsidiya asılılığı riski də yarana bilər. Bu siyasətin uğuru tətbiq mexanizmlərindən asılı olacaq. Əgər qərarlar şəffaf və nəticəyönümlü şəkildə icra olunarsa, aqrar sektorun inkişafına, regionların dirçəlməsinə və ərzaq təhlükəsizliyinin güclənməsinə ciddi töhfə verəcək. Əks halda isə gözlənilən nəticələr tam əldə olunmaya bilər”.
Ayşə Müzəfərli