Qərb ölkələri Kiyevi tərk etməyi planlaşdırmır
Qərb ölkələrinin Ukrayna paytaxtında mövcudluğunun azaldılması ilə bağlı çağırışlardan sonra diplomatik və mülki missiyalarını Kiyevdən çıxarmağı planlaşdırmır.
Bunu Aİ-nin Xarici İşlər Xidmətinin nümayəndəsi Anita Hipper Brüsseldə keçirilən brifinqdə bəyan edib.
Məsələ ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya Qərb ölkələrindən tələb edir ki, onlar öz diplomatik nümayəndəliklərini ölkədən çıxarsınlar:
“Qərb ölkələri bu tələbləri rədd ediblər. Qərbdə belə bir fikir formalaşıb ki, Rusiya bu addımlarla sadəcə təzyiq və qorxu mühiti yaratmağa çalışır. Hesab olunur ki, Rusiya artıq əvvəlki qədər təsir imkanına malik deyil və onun təhdidləri əvvəlki kimi ciddi qəbul olunmur. Son dövrlərdə güc nümayişi ilə bağlı çağırışlara da o qədər də ciddi yanaşılmır. Eyni zamanda Qərb ölkələri açıq şəkildə Ukraynaya dəstək verməyə davam edir. Bu isə yeni geosiyasi konfiqurasiyanın formalaşdığını göstərir; yəni Avropa ölkələri Rusiya ilə daha açıq qarşıdurmaya hazır görünür. Rusiya-Ukrayna münasibətlərinə gəldikdə isə, hazırda hər hansı real sülh və ya razılaşmadan danışmaq mümkün deyil. Baş verənlər onu göstərir ki, sülh hələ uzaqdır və münaqişə tam gücü ilə davam edir. Hazırda müharibə əvvəlki kimi birbaşa cəbhə xəttində deyil, daha çox uzaqmənzilli raket və zərbələr formasında davam edir. Rusiya Ukraynanın Kiyev də daxil olmaqla bir sıra şəhərlərini və strateji obyektlərini hədəf alır. Eyni zamanda Ukrayna da Rusiya ərazisində bəzi sənaye və hərbi obyektlərə zərbələr endirir. Nəticə etibarilə, yaxın gələcəkdə Rusiya–Ukrayna müharibəsinin gedişində ciddi dəyişikliklərin baş verməsi ehtimalı qalır. Lakin hazırda müharibə davam edir və vəziyyət gərgin olaraq qalır”.
Güllər Gülhüseynova