00:00:00
Yazar
Ayan Sadi
11.11.2026 22:16 10 2 dəq oxuma
Dünya

Qətərdən hərbi addım: ABŞ-nin İrana mümkün zərbələri iki həftə təxirə salınıb

Qətərdən hərbi addım: ABŞ-nin İrana mümkün zərbələri iki həftə təxirə salınıb

 

 

 

Qətərin diplomatik səyləri nəticəsində Amerika Birləşmiş Ştatlarının İrana mümkün hərbi zərbələrinin azı iki həftə təxirə salınmasına nail olunub. Bu addım regionda artan gərginliyin azaldılması və tərəflər arasında danışıqlar üçün imkan yaradılması baxımından əhəmiyyət daşıyır.

 

 

Mövzu ilə bağlı politoloq Murad Sadəddinov “İnformator.az”a açıqlamasında bildirib ki, uzun müddət ABŞ və İran arasında mövcud olan gərginlik, hətta müharibədən əvvəlki dövr də daxil olmaqla, Qətər daim iki ölkə arasında vasitəçilik edib: 

 

 

“Qətərin ABŞ prezidenti ilə çox yaxın münasibətləri var. Həmçinin, Qətərin xarici işlər nazirinin Kuşnerlə də münasibətləri yaxşıdır. Hamımız bilirik ki, Qətər ABŞ prezidentinə vəzifəyə seçildikdən sonra yeni Boeing 747 təyyarəsi hədiyyə etmişdi. Yəni, Qətərin təsir imkanları böyükdür. Bu baxımdan, İran danışıqlar prosesində ərəb ölkələri arasında Qətərin imkanlarından istifadə edir”. 

 

 

Murad Sadəddinov qeyd edir ki, Qətər üçün də bu məsələnin xüsusi əhəmiyyəti var. ABŞ və İran arasında müharibə nəticəsində Hörmüz boğazında yaranan problemlər Qətərin ixracına ciddi təsir göstərir. Ölkənin əsas ixrac məhsulu olan maye qazı istehsal edən zavod da İranın zərbələrinə məruz qalmışdı. Bu, Qətər üçün ciddi iqtisadi zərbədir. Buna görə də Qətər yaranmış gərginliyi aradan qaldırmağa və yeni hücumların qarşısını almağa çalışır. İran isə Qətərin ABŞ rəhbərliyinə təsir imkanlarından istifadə edərək öz maraqlarını həyata keçirməyə çalışa bilər:

 

 

“ABŞ-ın İrana qarşı əsas şərtlərindən biri nüvə proqramından imtina və mövcud olan, təxminən 60 faiz zənginləşdirilmiş 450 kq uranın təhvil verilməsidir. İran tərəfi isə bu şərtləri qəbul etmək istəmir. İranın əsas tələbləri dondurulmuş aktivlərin qaytarılması və dəniz blokadasının aradan qaldırılmasıdır. Hazırda danışıqlar məhz bu məsələlər ətrafında aparılır”. 

 

 

Politoloqun sözlərinə görə danışıqlarla bağlı bəzi rəsmi şəxslər, o cümlədən Türkiyənin Milli Təhlükəsizlik İdarəsinin rəhbəri cənab Kılınc ümumi razılaşmaların olduğunu bildiriblər. Lakin əsas mübahisə nüvə proqramı, dəniz blokadası və dondurulmuş aktivlərlə bağlı tələblərin hansı mərhələdə yerinə yetiriləcəyidir. İran ilkin mərhələdə dondurulmuş aktivlərin açılmasını və dəniz blokadasının götürülməsini tələb edir. ABŞ isə zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını və MAQATE müşahidəçilərinin İranın nüvə obyektlərinə daxil olmasını istəyir.

 

 

Aynur Əhmədli

#gündəm #azərbaycan #baki #addım: #zərbələri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər