Ukraynanın ərzaq təhlükəsizliyi təhlükə altında: Rusiya yeni zərbələrə hazırlaşır
Rusiya Ukraynanın qida sənayesi müəssisələrinə, o cümlədən taxıl anbarlarına, emal zavodlarına və ərzaq istehsalı obyektlərinə silsilə zərbələr endirməyi planlaşdırır.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbənin məlumatına görə, hədəflər arasında bitki yağı istehsalı müəssisələri, süd və yağ zavodları, ət kombinatları və quşçuluq fabrikləri də var. Təhlükənin həm Ukrayna, həm də ölkədə fəaliyyət göstərən xarici şirkətlərin müəssisələrinə aid olduğu bildirilir.
Moskvanın məqsədi Ukraynanın ərzaq təhlükəsizliyinə zərbə vurmaq, iqtisadi vəziyyətini çətinləşdirmək və kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan gəlirləri azaltmaqdır.
Politoloq Zeynal Əmrəliyev hesab edir ki, Ukraynanın qida sənayesi və kənd təsərrüfatı infrastrukturunun hədəfə alınması yalnız ölkənin iqtisadiyyatına deyil, beynəlxalq ərzaq bazarına da ciddi təsir göstərə bilər.
Onun sözlərinə görə, Ukrayna taxıl və bitki yağı ixrac edən əsas ölkələrdən biridir. Bu səbəbdən ixrac imkanlarının zəifləməsi Afrika, Yaxın Şərq və Asiya ölkələrində ərzaq təchizatını çətinləşdirə, dünya bazarında qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Eyni zamanda, yaranmış vəziyyət Rusiyanın beynəlxalq kənd təsərrüfatı bazarındakı payını artırmasına şərait yarada bilər.
Ekspert vurğulayıb ki, bu proses müharibənin yalnız hərbi mövqelər uğrunda deyil, həm də iqtisadi resurslar və beynəlxalq bazarlara nəzarət uğrunda aparıldığını göstərir. Onun fikrincə, ərzaq istehsalı və ixrac infrastrukturunun sıradan çıxarılması Ukraynanın həm daxili sabitliyinə, həm də beynəlxalq iqtisadi mövqeyinə təsir edən mühüm geosiyasi vasitəyə çevrilir.
Sevgi İbrahimova