00:00:00
Yazar
Nərmin Həşimova
15.08.2026 12:59 17 2 dəq oxuma
Maraqlı

Qadın baxışlarının səssiz əlifbası

Qadın baxışlarının səssiz əlifbası

Deyirlər ki, gözlər qəlbin güzgüsüdür. Amma söhbət qadınlardan gedirsə, o gözlər sadəcə bir güzgü deyil, bütün hisslərin, mürəkkəb duyğuların ən zərif ifadə vasitəsidir.
 

Qadınların gözləri sadəcə baxmır, eyni zamanda danışır, pıçıldayır, hətta, bəzən uzun bir romanı nəql edir. Biz kişilər üçün bu gözlərin dilini öyrənmək bir növ həyatda qalma incəsənətidir. Kişilər bu "səssiz əlifba" ilə ilk dəfə uşaq ikən anaları sayəsində tanış olur. Məsələn, qonaqlıqda stulun üstündə olan tortun ikinci diliminə əl uzadanda ananın o məşhur baxışı... Qaşlar xəfif çatılır, bəbəklər böyüyür və o gözlər sənə eynilə bu mesajı ötürür: "Evə gedək, mən sənə göstərəcəm!" Həmin an evdə olacaqlar gözünün qabağından film lenti kimi keçir və dərhal əl-ayağını yığışdırıb ağsaqqal kimi oturursan. Aylar, illər keçir, böyüyürük. Elə bilirik ki, artıq azadıq. Amma yox! Bu dəfə də estafeti sevgilimiz və ya həyat yoldaşımız təhvil alır. Məsələn, bir dost məclisindəsiniz. Ağzınıza gələn, danışılmamalı olan bir əhvalatı həvəslə danışmağa başlayırsınız. Həmin an qarşı tərəfdən gələn göz-qaş sinxronizasiyasını tutmalısınız. Əgər tutmasanız, fəlakətdir! O baxışı görən kimi mövzunu elə bir ustalıqla dəyişməlisiniz ki, Hindistan rəqqasələri belə sizin bu manevrinizə baxıb həsəd aparsın.
 

Digər bir ənənəvi ssenariyə nəzər salaq. Mağazada həyat yoldaşınızla gəzirsiniz. Yoldaşınız vitrindəki bir çantaya heyranlıqla baxır. Siz də centlemenlik edib, "Əzizim, bəyəndinsə alaq”,-deyirsiniz. Qadın dərhal nəzakətlə cavab verir: "Yox, canım, nə ehtiyac var, həm də çox bahadır". Amma elə bir "məsum pişik" baxışı ilə baxır ki, baxışın alt mətni dəqiq olaraq budur: "Almasan, bu gecə sənə evdə hüzur yoxdur!"

Uzun sözün qısası, qadın dəyişkən varlıqdır, duyğuları da anlıq dəyişir. Onun ağlından bir saniyədə min bir fikir keçir. Bir kişi bu dəyişiklikləri zamanında onun gözlərindən oxuya bildisə nə xoş onun üçün, oxuya bilmədisə, böyük keçmiş olsun.


Ürfət Mirzəyev

#qadın #baxışlar #əlifbası #səssiz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər