Qadınlar uzunmüddətli dözümlülük yarışlarında kişilərdən daha üstün ola bilər?
“Bu yarış qadınlar üçün çox ağırdır. Onlar bunu başa çatdıracaq qədər dözümlü deyillər”.
Bu sözlər dünyanın ən çətin ultramarafonlarından biri hesab olunan “Barkley Marathons” yarışının direktoru Lazarus Lake-ə məxsusdur. Təxminən 1000 nəfərin iştirak etdiyi bu ekstremal yarışda indiyədək cəmi 20 iştirakçı finişə çata bilib.
Lake bu fikirləri 2015-ci ildə səsləndirib və qadınlardan birinin onun fikrini təkzib etməsini istəyib. Bunun üçün isə doqquz il gözləmək lazım gəldi.
Britaniyalı ultramarafonçu Jasmin Paris 100 millik, yəni təxminən 161 kilometrlik ekstremal məsafəni 60 saatlıq limitin bitməsinə cəmi 1 dəqiqə 39 saniyə qalmış başa vuraraq tarixə düşdü. Midlothianlı idmançı bununla həm yarışın qalibi oldu, həm də ultramarafon tarixində adını xüsusi yerə yazdırdı.
Lakin artıq o, bu sahədə tək deyil.
Ötən yay İngiltərənin Derbişir qraflığından Şotlandiyaya qədər keçirilən ağır “Montane Summer Spine Race” yarışında ilk dəfə qadınlar arasında ikili qələbə qeydə alındı. Reyçel Entrekin yeni tras rekorduna imza atdı və may ayında ABŞ-ın Arizona ştatında keçirilən “Cocodona 250” yarışının qalibi olan ilk qadın kimi tarixə düşdü. Ötən ay isə Sofi Vuds “Via Alpina” marşrutunu əvvəlki ümumi rekorddan altı gün daha tez başa vurdu.
Bütün bunlar göstərir ki, qadınlar artıq ultradözümlülük yarışlarında yalnız iştirak etmirlər. Onlar kişilərlə eyni səviyyədə mübarizə aparır, rekordlar qırır, bəzi hallarda isə yarışların ümumi qalibi olurlar.
Bu nəticələr belə bir sualı da gündəmə gətirib: qadınlar uzunmüddətli dözümlülük tələb edən yarışlar üçün kişilərdən daha uyğun ola bilərmi?
Bəs bunun elmi əsası varmı? Qadınların altı saatdan çox davam edən dözümlülük məşqlərində fizioloji və ya psixoloji üstünlükləri həqiqətən mövcuddurmu? Əgər belə üstünlüklər varsa, gələcəkdə daha çox rekordun qadınlar tərəfindən yenilənməsi mümkündürmü?
Məsafə artdıqca fərq azalır
Marafona qədər olan qaçış məsafələrində kişilərlə qadınlar arasında orta hesabla 10-12 faizlik nəticə fərqi müşahidə olunur. Kişilər, bir qayda olaraq, daha güclü olur və daha böyük aerobik imkanlara malikdir.
Lakin məsafə artdıqca bu fiziki üstünlüklər əvvəlki qədər əhəmiyyətli olmur və nəticələr arasındakı fərq azalır.
“RunRepeat” platformasının Beynəlxalq Ultramarafonçular Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində 20 ildən artıq müddətdə toplanmış həvəskar ultramarafon məlumatlarının təhlilinə əsasən, 100 millik yarışlarda qadınlarla kişilər arasındakı temp fərqi cəmi 0,25 faizə qədər azalır.
195 mildən, yəni təxminən 314 kilometrdən uzun məsafələrdə isə qadınların kişilərdən daha sürətli olmaq potensialı olduğu bildirilir.
Bəs bunun səbəbi nədir?
Ekseter Universitetinin dözümlülük göstəriciləri üzrə mütəxəssisi, professor Endi Cons qadınların uzunmüddətli yarışlarda daha yaxşı nəticə göstərə bilməsinin üç mümkün fizioloji səbəbini qeyd edir.
Bunlardan birincisi yağ metabolizmidir. Qadınların bədənində yağ ehtiyatı daha çoxdur və onlar uzunmüddətli fiziki fəaliyyət zamanı bu ehtiyatlardan daha səmərəli enerji mənbəyi kimi istifadə edə bilirlər.
İkinci amil əzələ quruluşudur. Qadınlarda dözümlülük fəaliyyətləri üçün daha əlverişli hesab olunan, oksigendən daha səmərəli istifadə edən yavaş yığılma tipli əzələ liflərinin nisbəti daha yüksək ola bilər.
Üçüncü amil isə yorğunluğa davamlılıqdır. Araşdırmalar göstərir ki, qadınlar uzunmüddətli dözümlülük məşqləri zamanı güclərini daha yaxşı qoruya bilirlər.
Bununla belə, professor Cons bu sahədə elmi araşdırmaların hələ kifayət qədər olmadığını vurğulayır.
“Burada sərt elmi sübutlar daha azdır. Qısa məsafələr uzun illər ərzində daha ətraflı öyrənilib”, – deyə o bildirir.
Böyük Britaniyanın İdman İnstitutunda qadın idmançıların sağlamlığı və performansı üzrə mütəxəssis doktor Riçard Börden də bu fikirdədir. Onun sözlərinə görə, hazırda qadınların ultramarafonlarda üstünlüyü barədə daha çox ehtimaldan danışmaq mümkündür.
Məsələ yalnız fiziki gücdə deyil
Ultramarafonlarda fizioloji göstəricilər hər şeyi müəyyən etmir. Çoxgünlük yarışlar, yuxusuzluq, ekstremal relyef və hava şəraiti bu mübarizəni fiziki olduğu qədər psixoloji sınağa da çevirir.
Sofi Vudsa görə isə məhz bu məqamda qadınların üstünlüyü özünü göstərə bilər.
“Başlanğıcda ən sürətli insan olmaq əsas məsələ deyil. Burada hazırlıq, psixoloji güc və hər şey səhv getdikdə belə mübarizəni davam etdirmək bacarığı önəmlidir”, – deyə o qeyd edir.
Yeni Zelandiyalı idmançı “Via Alpina” marşrutunda rekord qırdığı zaman gözlənilməz çətinliklərlə üzləşib. Meşə yanğınları onun marşrutunu daha uzun və təhlükəli edib, üstəlik, qaçış zamanı at milçəklərinin hücumuna məruz qalıb.
O bildirir ki, bəzən o qədər yorulub ki, dayanıb ağlamaq istəyib. Lakin dayanmaq mümkün olmayıb: hərəkəti dayandırdığı anda həşəratlar ona daha çox hücum edib.
Vudsun fikrincə, qadınlar çətin vəziyyətlərə uyğunlaşmaq və başladıqları işi sona çatdırmaq baxımından güclüdürlər.
Norveçli ultramarafonçu Yngvild Kaspersen də buna bənzər fikirdədir. O, ötən ay Alp dağlarında keçirilən nüfuzlu “Ultra-Trail Mont Blanc CCC” yarışını iki dəfə qazanan ilk qadın olub.
Kaspersen uğurunun əsas səbəblərindən biri kimi məşqlər zamanı üzərində işlədiyi “psixoloji mübarizəni” göstərir.
Peşəkar qaçışla yanaşı həkim kimi də çalışan idmançı qadın ultramarafonçular arasındakı həmrəyliyin də mühüm rol oynadığını düşünür.
“Biz rəqibik, amma eyni zamanda bir-birimizi motivasiya edir, ruhlandırır və daha yaxşı nəticələr göstərməyə sövq edirik”, – deyə Kaspersen bildirir.
Qadın orqanizminin özü dözümlülük yaradır?
İdman qidalanması və hormonal sağlamlıq üzrə mütəxəssis, özü də ultramarafonçu olan Reni Makqreqor isə qadınların psixoloji dözümlülüyünün müəyyən hissəsinin orqanizmin xüsusiyyətləri ilə bağlı olduğunu düşünür.
Onun fikrincə, qadın orqanizmi yetkinlik dövründən etibarən daim dəyişən hormonal sistemlə yaşayır.
Makqreqor bildirir ki, qadınlar gündəlik həyatlarında hormonal dəyişikliklər, yuxusuzluq, hamiləlik və digər fiziki çətinliklərin öhdəsindən gəlməyi öyrənirlər və bu təcrübə ekstremal idman zamanı da özünü göstərə bilər.
Araşdırmalar da göstərir ki, qadın qaçışçılar uzun məsafəli yarışlarda kişilərlə müqayisədə tempi daha nizamlı saxlamağa meyllidirlər. Bu isə enerjinin daha səmərəli bölüşdürülməsinə imkan verir.
Makqreqorun fikrincə, qadınlar ultramarafonlara daha çox planlaşdırma və ehtiyat variantları ilə hazırlaşırlar.
Əsas problem – iştirakçı qadınların azlığıdır
Qadınların ultramarafonlarda mümkün fizioloji və psixoloji üstünlükləri barədə qəti nəticə çıxarmağın qarşısındakı əsas maneələrdən biri də bu yarışlarda iştirak edən qadınların sayının az olmasıdır.
Hazırda ultramarafon startlarında iştirakçıların təxminən 20 faizini qadınlar təşkil edir.
Britaniyalı ultramarafonçu Sofi Pauer tərəfindən gender bərabərsizliyinin aradan qaldırılması məqsədilə yaradılan “SheRACES” şəbəkəsinin araşdırmasına görə, bunun səbəbləri arasında cəmiyyətdə qadınların fiziki imkanları ilə bağlı formalaşmış təsəvvürlər, uzunmüddətli məşqlərə sərf olunan vaxt və yarışlar zamanı lazımi dəstəyə çıxış imkanlarının məhdudluğu var.
Lakin vəziyyət tədricən dəyişir.
Bu ilin əvvəlində Yeni Zelandiyada keçirilən trail qaçışı “UTMB World Series” tarixində iştirakçılar arasında 50:50 gender bölgüsünə çatan ilk yarış olub. Böyük Britaniyada isə aparıcı yarış təşkilatçılarından biri tədbirlərində gender bərabərliyini artırmağa yönəlmiş yeni təşəbbüs başladıb.
Doktor Bördenin fikrincə, insanın fiziki imkanlarının sərhədləri ilə bağlı yanaşma da dəyişir.
Onun sözlərinə görə, tarixən insanın maksimum fiziki göstəriciləri əsasən kişilər üzərində aparılan araşdırmalar və kişi idmançıların nəticələri əsasında müəyyənləşdirilib.
İndi isə kişi və qadın performansının sərhədlərinə ayrıca baxmaq zərurəti yaranır.
“Daha dəqiq müqayisələr aparmaq üçün ultramarafonlarda iştirak edən qadınların sayı daha çox olmalıdır”, – deyə Börden vurğulayır.
Beləliklə, qadınların ultradözümlülük yarışlarında kişilərdən daha üstün olub-olmadığı hələ elmi baxımdan qəti şəkildə sübuta yetirilməyib. Lakin son illərdə qadın idmançıların rekordları, qələbələri və uzunmüddətli yarışlarda göstərdikləri sabit nəticələr bir faktı ortaya qoyur: məsafə uzandıqca qadınlarla kişilər arasındakı performans fərqi əhəmiyyətli dərəcədə azalır.
Qarşıdakı illərdə daha çox qadının bu yarışlara qoşulması isə bu sahədə yeni rekordların və elmi nəticələrin ortaya çıxmasına səbəb ola bilər.
Elmira Ağayeva