00:00:00
Yazar
Zəhra Həsənova
04.05.2026 21:04 33 3 dəq oxuma
Sosial

Qaimə: Müasir iqtisadi və hüquqi münasibətlərdə rəsmi və əsas sənəd 

Qaimə: Müasir iqtisadi və hüquqi münasibətlərdə rəsmi və əsas sənəd

Müasir dövrdə hər bir sahibkar, müəssisə və təşkilat hüquqi münasibətlərin rəsmi təsdiqi məqsədilə müəyyən sənədlərə əsaslanır. Bu sənədlər arasında qaimənin rolu xüsusilə önəmlidir. Qaimə, əsasən, mal, məhsul və ya xidmətlərin verilməsi, alınması və ya hər hansı əməliyyatın baş tutduğunu təsdiqləyən rəsmi sənəddir.


Mövzu ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Məhəmməd Səfərov “İnformator.az”a açıqlamasında bildirib ki, qaimələr ən azı 5 il müddətində saxlanılmalıdır:

 

"Müasir dövrdə hər bir sahibkar, müəssisə və təşkilat hüquqi münasibətlərin rəsmi təsdiqi məqsədilə müəyyən sənədlərə əsaslanır. Bu sənədlər arasında qaimənin rolu çox önəmlidir. Qaimə malın, xidmətin və ya mülkün satışı zamanı tərəflər arasında hüquqi və maliyyə əməliyyatını rəsmiləşdirən, alqı-satqı faktını təsdiq edən rəsmi sənəddir. Bu sənəd, əsasən məhsulun adı, növü, miqdarı, qiyməti və ümumi məbləği özündə əks etdirərək, vergi uçotu və mühasibat işlərində əsas kimi istifadə olunur. Qaimə tərəflər arasında həyata keçirilmiş  əməliyyatın yazılı şəkildə təsdiqidir və tərəflərin üzərinə hüquqi öhdəliklər qoyur. Qaimənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi və digər normativ aktlar təşkil edir. Xüsusilə, elektron qaimələrin vergi nəzarətində və audit proseslərində mühüm rolu vardır. Qaimə tərtib edən müəssisə və ya sahibkar mütləq VÖEN-ə malik olmalı, fəaliyyətini müvafiq qaydada rəsmiləşdirmiş olmalıdır.
Qaimə üzərində aşağıdakı məlumatlar əks olunmalıdır:
1. Qaimə nömrəsi və tərtib olunduğu tarixi
2. Tərəflərin adları, ünvanları, VÖEN-ləri
3. Malın və ya xidmətin adı, miqdarı, ölçü vahidi
4. Qiyməti, ƏDV və yekun məbləğ
5. İmzalar və möhür (kağız qaimələrdə)
6. Elektron imza (e-qaimələrdə)

Hüquq ədəbiyyatlarında qaimələr müxtəlif məqsədlərə və hüquqi çərçivələrə görə mal qaiməsi (ən çox istifadə edilən növdür, mal və ya məhsul təqdim edildikdə hazırlanır), xidmət qaiməsi (hər hansı xidmətin təqdim olunduğunu göstərir), əldəqayırma qaimə (qeyri-rəsmi yazılmış, hüquqi qüvvəsi olmayan qaimə formasıdır), elektron qaimə(rəqəmsal şəkildə tərtib olunmuş və rəsmi platforma üzərindən göndərilən versiyadır) olmaqala müxtəlif kateqoriyalara bölünə bilər. Elektron qaimə, kommersiya və iqtisadi münasibətlərin təməl sənədlərindən biri hesab olunur. Elektron qaimə - Vergi ödəyiciləri tərəfindən İnternet Vergi İdarəsi vasitəsilə onlayn və ya oflayn rejimdə, gücləndirilmiş elektron imza ilə tərtib edilən rəsmi elektron sənəddir.
Elektron qaimə (e-qaimə) müasir dövrdə daha çox istifadə olunur və bir sıra üstünlükləri var:
1. Vaxta qənaət - kağız sənədləşmə aradan qalxır, sənədlər elektron qaydada tez bir zamanda hazırlanaraq təqdim olunur.
2. Daha az xəta riski - sistem avtomatik yoxlamalar edir
3. Şəffaflıq - vergi orqanları ilə məlumatlar dərhal paylaşılır. Bu da vergi yoxlamaları zamanı çevik nəzarət imkanı yaradır
4. Arxivləşdirmə rahatlığı - sənədlər itmir, sistemdə saxlanılır
5. Operativlik - qaimə dərhal göndərilir və qəbul edilir
6. Ekoloji fayda - kağız istifadəsi azalır

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən qaimələr ən azı 5 il müddətində saxlanılmalıdır".

Samirə Allahverdizadə

#müasir #münasibətlərdə #iqtisadi #hüquqi #sənəd
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər