“Qanun layihəsinin məqsədi söz azadlığını məhdudlaşdırmaq deyil”
"Müzakirə etdiyimiz qanun layihəsi informasiya təhlükəsizliyi və ictimai maraqlar baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət rəhbəri fərdi statusdan daha çox institusional simvoldur. Ona qarşı qeyri-etik söz və davranışlar konkret bir şəxsə deyil, dövlət institutlarına, milli rəmzlərə və dövlətin təmsil etdiyi dəyərlərə yönəlmiş münasibət anlamı daşıyır",-deyə deputat bildirib.
Mövzu ilə bağlı vəkil Elvin Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Qanun layihəsinin məqsədi söz azadlığını məhdudlaşdırmaq deyil, qəsdən yayılan təhrif olunmuş və ictimai təhlükə yaradan informasiyaların qarşısını alaraq informasiya təhlükəsizliyi ilə ictimai maraqlar arasında balansı təmin etməkdir:
“Təhrif olunmuş informasiya bu qanun layihəsi çərçivəsində faktlara əsaslanmayan, qəsdən yanlış formada təqdim edilən, məlumatın kontekstindən çıxarılaraq yayılan və ya manipulyativ məqsədlərə xidmət edən informasiyalar kimi qiymətləndirilir. Bu anlayışa faktların bilərəkdən dəyişdirilməsi və ya yarımçıq təqdim olunması, rəsmi mövqelərin təhrif edilməsi, saxta və etibarsız mənbələrə istinad edilməsi, eləcə də ictimai rəyi çaşdırmaq məqsədi daşıyan sistemli dezinformasiya kampaniyaları daxildir. Xüsusilə dövlət rəhbərliyi və dövlət institutları ilə bağlı yayılan bu cür məlumatlar sadəcə fərdi fikir ifadəsi kimi deyil, daha geniş siyasi və ictimai təsir gücünə malik informasiya aktları kimi dəyərləndirilir. Belə informasiyalar institusional etimadı zəiflədir, ictimai sabitliyi pozur, milli təhlükəsizlik riskləri yaradır və dövlətin beynəlxalq imicinə zərər vurur. Bu səbəbdən məsələ birbaşa dövlət maraqları ilə əlaqəlidir. Qanun layihəsinin əsas yanaşması balans prinsipinə əsaslanır. Söz azadlığı demokratik cəmiyyətin fundamental dəyəri kimi qorunur, lakin bu azadlıq qəsdən dezinformasiya yaymaq, nifrət və təhqir dili formalaşdırmaq, yaxud dövlət institutlarını məqsədli şəkildə nüfuzdan salmaq üçün vasitəyə çevrilməməlidir. İnformasiya təhlükəsizliyi ilə söz azadlığı arasında tarazlığın qorunması məqsədilə tənqidi fikir və analitik yanaşma ilə qəsdən təhrif olunmuş informasiya arasında aydın hüquqi fərqləndirmə aparılır. Məsuliyyət yalnız sübut olunmuş şəkildə yanlış və ictimai zərər doğuran məlumatların yayılmasına tətbiq edilir və bütün qərarlar məhkəmə və hüquqi prosedurlar çərçivəsində qəbul olunur. Nəticə etibarilə, məqsəd söz azadlığını məhdudlaşdırmaq deyil, onu informasiya təhlükəsizliyi və ictimai maraqlarla uzlaşdırmaqdır”.
Fidan Alışova
