Qanunvericiliyə kibercinayətlə bağlı yeni terminlər əlavə olunub
Cinayət və Cinayət-Prosessual Məcəllələrinə BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının ratifikasiyası ilə əlaqədar təklif edilən dəyişikliklər təsdiq olunub.
Mövzu ilə bağlı hüquqşünas Şəhram Şəmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, Cinayət və Cinayət-Prosessual Məcəllələrinə edilən dəyişikliklər, xüsusilə Konvensiyanın ratifikasiyası fonunda, vətəndaşların rəqəmsal mühitdə müdafiəsini gücləndirməyə yönəlib:
“Yeni terminlərin qanunvericiliyə daxil edilməsi kibercinayətlərin daha dəqiq təsnifatını mümkün edir və bu da hüquqi boşluqların aradan qaldırılmasına səbəb olur. Şəxsi məlumatların oğurlanması, onlayn fırıldaqçılıq, sistemlərə qanunsuz müdaxilə kimi halların daha effektiv qarşısı alınacaq və vətəndaşlar üçün hüquqi müdafiə mexanizmləri genişlənəcək. Yeni hüquqi terminologiya hüquq-mühafizə orqanlarına kibercinayətləri daha operativ və dəqiq müəyyən etməyə imkan verəcək. Əvvəllər bəzi hallarda texnoloji inkişaf hüquqi tənzimləmədən irəlidə gedib və bu da istintaq prosesində çətinliklər yaradıb. İndi kibercinayətlərin konkret anlayışlarla müəyyən olunması sübutların toplanması, rəqəmsal izlərin təhlili və prosessual hərəkətlərin həyata keçirilməsi baxımından vahid yanaşma formalaşdıracaq”.
Hüquqşünas həmçinin bildirib ki, dəyişikliklər istintaqın keyfiyyətini və məhkəmə baxışının effektivliyini artıracaq:
“Kibercinayətkarlıq transsərhəd xarakter daşıdığı üçün onunla mübarizə yalnız milli səviyyədə mümkün deyil. Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul edilən Konvensiyaya qoşulmaq dövlətlər arasında hüquqi yardım mexanizmlərini gücləndirir. Bu əməkdaşlıq çərçivəsində məlumat mübadiləsi sürətlənir, cinayətkarların ekstradisiyası asanlaşır və beynəlxalq istintaq əməliyyatları daha koordinasiyalı həyata keçirilir. Praktik baxımdan bu, kibercinayətlərin aşkarlanma faizinin artmasına və onların qarşısının erkən mərhələdə alınmasına gətirib çıxarır. Qəbul edilən dəyişikliklər həm vətəndaşların hüquqlarının qorunmasına, həm də dövlətin kibertəhlükəsizlik sahəsində institusional imkanlarının güclənməsinə xidmət edir”.
Günel Əlili