Qanvermə: həyat xilas edən könüllü addım
Qanvermə bir çox xəstənin həyatını xilas edən vacib humanitar addımdır. Buna baxmayaraq, cəmiyyətdə qanvermə ilə bağlı həm məlumat azlığı, həm də tərəddüdlər qalmaqdadır. Bu tərəddüdlər əsasən sağlamlığa təsiri ilə bağlı yanlış fikirlərdən, qorxulardan və maarifləndirmənin kifayət qədər olmamasından qaynaqlanır.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyi həkim eskperti Zakir Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, qanvermə həm tibbi, həm də sosial baxımdan böyük əhəmiyyət daşıyır:
"Qanvermə cəmiyyət üçün həyati əhəmiyyət daşıyan humanitar addımlardan biridir. Donor olmaq istəyən şəxsin ümumi sağlamlıq vəziyyəti qənaətbəxş olmalı, müəyyən yaş və çəki tələblərinə cavab verməlidir. Həmçinin hemoglobin səviyyəsi normal həddə olmalıdır. Qanvermədən əvvəl aparılan tibbi qiymətləndirmə həm donorun, həm də qan alan şəxsin təhlükəsizliyini təmin etməyə xidmət edir. Qanvermənin ən böyük faydası ehtiyacı olan xəstələrin həyatının xilas edilməsinə töhfə verməsidir. Bu proses eyni zamanda donorun bəzi əsas sağlamlıq göstəricilərinin yoxlanılmasına da imkan yaradır. Sağlam insanlarda və tibbi qaydalara uyğun şəkildə aparıldıqda qanvermə ümumilikdə təhlükəsiz prosedur hesab olunur. Bununla belə, qanvermə zamanı və ya sonrasında bəzi yüngül yan təsirlər yarana bilər. Ən çox rast gəlinən hallar başgicəllənmə, halsızlıq, ürəkbulanma, iynə yerində ağrı və ya yüngül göyərmədir. Nadir hallarda daha ciddi reaksiyalar da mümkündür, lakin mütəxəssis nəzarəti, düzgün qidalanma, kifayət qədər maye qəbulu və qanverdikdən sonra qısa istirahət bu riskləri minimuma endirir. Həkimlər vurğulayırlar ki, qanvermə həm tibbi, həm də sosial baxımdan böyük əhəmiyyət daşıyır. Müntəzəm və könüllü donorluq səhiyyə sisteminin dayanıqlığını gücləndirir, minlərlə insan üçün ümidə çevrilir. Bu baxımdan, qanvermə yalnız xeyirxah addım deyil, həm də cəmiyyətin sağlamlığına verilən dəyərli töhfədir".
Samirə Allahverdizadə