Qara Cümə endirimləri başlayıb
Qara Cümə (Black Friday) Azərbaycanda satış dinamikasını ən çox dəyişdirən günlərdən biridir. Mağazalarda sıxlıq artır, onlayn sifarişlər kəskin yüksəlir, brendlər isə müxtəlif kampaniyalarla müştərilərin diqqətini cəlb etməyə çalışır. Bu dövrdə həm mağazalar, həm də istehlakçılar üçün alış-veriş tempinin nəzərəçarpacaq dərəcədə yüksəlməsi müşahidə olunur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında elektron ticarət üzrə mütəxəssisi Nicat Manafov bildirib ki, qara cümə endirimlərinin əsas məqsədi ondan ibarətdir ki, ötən ildən qalan məhsulları satmaq, yəni stock out etməkdir, çünki yeni sezonun məhsulları gəlir:
“Yeni sezon gələndə köhnə məhsulların anbarda saxlanılması şirkətlər üçün əlavə xərc və yer itkisi yaradır. İstehlakçılar sırf endirimdir deyə məhsul almalı deyillər. Yeni sezon məhsulları gəldiyi üçün də köhnə məhsulları satıb, bitirmək istəyirlər. Bu səbəblə hər birini uyğun qiymətə qoyurlar ki, onları öz anbarlarından boşaltsınlar. Azərbaycan bazarında endirimlərin real olub-olmadığını, əfsuslar olsun ki, bilmək olmur. Online alış-verişdə, xüsusilə böyük platformalarda bunu rahatlıqla bilmək olur, məhsulların qiymətinin dəyişmə qrafiki olur. Beləliklə, rahatlıqla bilmək olur ki, Qara Cümə endirimləri realdır, yoxsa yox. İstehlakçılar sırf endirimdir deyə məhsul almalı deyillər. Brendlər bəzən Qara Cümə kampaniyasına qoşulmağı məcbur hesab edirlər. Bu səbəbdən alıcıların diqqətli olması, qiymət müqayisəsini əvvəlcədən etməsi daha sağlam qərar verməyə kömək edir”.
Ədilə Hüseynzadə
