00:00:00
Yazar
Lalə Qafarova
13.04.2026 21:14 30 2 dəq oxuma
Sosial

Qarabağ suyu Bakıya gələ bilər: Həkəri və Sərsəng Layihələri Masada

Qarabağ suyu Bakıya gələ bilər: Həkəri və Sərsəng Layihələri Masada

İşğaldan azad edilmiş Qarabağın zəngin su mənbələrindən Bakının içməli su təminatında istifadə edilməsi planlaşdırılır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə, Həkəri çayıüzərində tikiləcək yeni anbardan paytaxta su kəmərinin çəkilməsi hazırda iqtisadi və texniki baxımdan araşdırılır. Layihə təsdiqlənərsə, bu su həm paytaxtın ehtiyaclarını ödəyəcək, həm də kənd təsərrüfatına təkan verəcək.

 

Ekoloq Ənvər Əliyev “İnformator.az”a müsahibəsində məsələ ilə bağlı bir neçə mühüm məqamı vurğulayıb: 

 

“Qarabağ vulkanik ərazidir. Bu zonadakı süxurlar suyu təbii minerallarla zənginləşdirir. Həkəri çayının suyu dadı və tərkibinə görə ən keyfiyyətli mənbələrdən biri hesab olunur.

Qarabağ yüksəklikdə, Bakı isə aşağıda yerləşir. Bu relyef fərqi suyun öz axını ilə (və ya az enerji sərfiyyatı ilə) paytaxta çatdırılmasını asanlaşdırır.

Sərsəng su anbarı daha böyük ehtiyata malikdir və Bakı üçün daha etibarlı mənbə ola bilər”.

 

Ekspert qeyd edib ki, layihə icra olunarkən regionun öz ehtiyacları unudulmamalıdır:

 

“Füzuli, Cəbrayıl və Ağdam kimi rayonların da içməli su təminatı prioritet olmalıdır. Qarabağa əhali qayıtdıqca suya tələbat kəskin artacaq.

Su həm Bakı, həm də yerli kənd təsərrüfatı arasında düzgün bölüşdürülməlidir. Suyun itkisiz çatdırılması üçün Oğuz-Qəbələ-Bakı xəttində olduğu kimi, müasir qapalı boru sistemlərindən istifadə edilməlidir”.

 

“Bakıda əhalinin sıxlığı su çatışmazlığı yaradır. Əgər regionlarda kənd təsərrüfatı inkişaf etsə və iş yerləri artsa, paytaxta axın azalar, bu da su balansının tənzimlənməsinə kömək edər" , - deyə Ənvər Əliyev fikirlərini yekunlaşdırıb.

 

Mələk Hüseynova

#gələ #layihələri #masada #həkəri #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər