00:00:00
Yazar
Admin User
23.08.2023 17:09 590 2 dəq oxuma
Maraqlı

Qarabağ yerli memarlığa olan marağı gücləndirdi

Qarabağ yerli memarlığa olan marağı gücləndirdi

  İnformator.az-ın növbəti qonağı memar, "Habitat lab" həmtəsisçisi Gülnar Əliyevadır. O, memarlıq sahəsi haqqında danışıb.

 

-         Azərbaycanda memarlıq sahəsi hansı səviyyədir?

 

   Almaniyadakı təhsilimdən sonra orada və Türkiyədə işləmişəm. Belə olan halda istər-istəməz Azərbaycana qayıdanda həm iş mühitini, həm memarlığın gedişatını, tikintinin təşkili prosesini, tikinti bazarını və qanunvericiliyi tez-tez bu ölkələrlə müqayisə edirəm. Təəssüf ki, müqayisələrim onu göstərir ki, həm tələbələr, həm də fəaliyyət göstərən memarlarda yerli memarlığın inkişafına dair müsbət irəliləyiş görmək çətindir. Yerli və xarici materiallar birmənalı olaraq istifadə olunur, tikili həndəsəsi memari tələblərə cavab vermir, ekologiya baxımdan zərərli materiallar seçilir, sıfır enerji nisbətinə dair binalarda heç bir tədbir görülmür. Mütəxəssisləşmə zəif olduğundan memarlıq və tikintidə yüksək keyfiyyət əldə oluna bilmir. Həm bərpa, həm də yeni tikililərdə güclü mütəxəssislərə ehtiyac var. Təbii ki, təhsilin də bu zəncirvari prosesin pisləşməsində rolu böyükdür. Memarlar da həkimlər kimi sərbəst məslək sahibidirlər və daimi inkişafa və təhsilə ehtiyacları var.

  Xarici ölkələrdə bu rolu "Mimarlar Odası", "Chamber of Architects" deyilən qurum üstlənir. Bu qurumun əvəzləyicisi kimi ölkəmizdə fəaliyyət göstərən "Memarlar İttifaqı" həmkarları kimi fəaliyyət göstərə bilmir. İllik tədrislər, tikinti sahəsində təqdimedici tədbirlər və ən əsası da müsabiqələr təşkil olunmur.

   Qeyd etmək istəyirəm ki, rəqabət olmayan yerdə sənətkarlıq, texnika və elm inkişaf edə bilməz. Buna görə memarlıq layihələndirmə işlərinin tender müsabiqə yolu ilə yox, memarlıq müsabiqə üsulu ilə görülməsi vacibdir. Ən azından bir qismi bu formada layihəndirilərək ölkədəki yaradıcı mühitdə bazar rəqabətini gücləndirə bilər.

 

-         Müasir memarlığın gedişatı necədir?

 

   Yuxarıda sadalanan məqamlar oxucuları ümidsizliyə düçar etməsin. Çünki həyatda həmişə xeyir və şərin mübarizəsi olur. Yaşıdım və məndən azyaşlı həmkarlarım arasında inkişafa meyillik yüksəkdir. Onlar indi yerli memarlığı, yerli insanlarımızı, şəhər mühitimizi, urban vərdişlərimizi anlayırlar və yaradıcı tövhələr verirlər.

   Qarabağın azad olunmasından sonra yerli memarlığa olan maraq daha da gücləndi. İlk dəfə urbanistlər yeni bir mühit, yəni işğaldan azad olunmuş mühit haqqında düşünməyə məcbur oldular. Həm də bu situasiyada köç məqamı var. Torpaqlardan uzaq qalmış, lakin güclü urban yaddaşları olan insanların yenidən mühitlərinə qayıtması urbanistlər üçün prizmanın çox başqa tərəfindən yanaşmaq deməkdir. Eyni zamanda, memarlar üçün də. Yaşıd həmkarlarımın hazırladığı konsept, eskiz və təklif layihələrdə bu məqamlar nəzərə alınanda artıq müasirlik naminə inkişafda olduğumuzu görürəm.

   Müasir memarlığın gedişatının tam olaraq məni qane etməsi o zaman olardı ki, həmkarlarım dəqiq mühit, geologiya, material və ən əsası istifadəçi analizi aparıb ona uyğun layihələr təklif etsinlər. İnsan psixologiyasına, yerli materiallara, iqlimə uyğun layihələndirsinlər. Müasir material sistemləri adaptasiya yaxud inteqrasiya etməyi bacarsınlar.

 

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər