Qarabağ Zəfərindən sonra Türkiyə-Azərbaycan hərbi ittifaqında yeni mərhələ
Türkiyəli jurnalist və “Ana Akım” nəşrinin baş redaktoru Güngör Yavuzaslan Qarabağ Zəfərinin altıncı ildönümü, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı və Ermənistanla normallaşma prosesi barədə fikirlərini bölüşüb.
O, “RusTurkey” nəşrinə müsahibəsində 44 günlük Vətən müharibəsində Türkiyə müdafiə sənayesinin roluna diqqət çəkərək qələbənin yalnız texnoloji üstünlüklə bağlı olmadığını bildirib.
Yavuzaslanın sözlərinə görə, “Bayraktar TB2” pilotsuz uçuş aparatları Azərbaycan Ordusuna döyüş meydanında mühüm üstünlük qazandırıb. Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin qərargah təcrübəsi, birgə təlimlər və Azərbaycan Ordusunun qətiyyəti də qələbədə əhəmiyyətli rol oynayıb.
“Silah atəş açır, amma müharibəni strategiya və inam qazandırır”, – deyə jurnalist vurğulayıb.
O, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın tarixi köklərinə də toxunub. Yavuzaslan bu əlaqələrin formalaşmasında Nuru Paşanın komandanlığı altında fəaliyyət göstərən Qafqaz İslam Ordusunun rolunu xatırladıb. Onun fikrincə, 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasındakı müttəfiqliyi hüquqi baxımdan daha da möhkəmləndirib.
Jurnalist gələcək əməkdaşlıq istiqamətləri sırasında birgə hərbi təlimləri, müdafiə sənayesində ortaq istehsalı, texnologiya transferini və süni intellekt əsaslı kibermüdafiə sistemlərini xüsusi qeyd edib.
Ermənistanla normallaşma prosesinə münasibət bildirən Yavuzaslan Türkiyənin regional sülh və sabitliyi dəstəklədiyini, lakin bu prosesin Azərbaycanın maraqları nəzərə alınmadan irəliləyə bilməyəcəyini söyləyib.
“Barış Azərbaycanın maraqlarına zərər vurmaqla qurula bilməz”, – deyə o bildirib.
Yavuzaslanın fikrincə, Cənubi Qafqazda davamlı sülhün əsas şərtlərindən biri Zəngəzur dəhlizinin açılması və Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanmasıdır. O, Ermənistan rəhbərliyinin xarici qüvvələrin təsiri əvəzinə regionun reallıqlarını nəzərə almasının vacibliyini vurğulayıb.
Jurnalist hesab edir ki, Türkiyə ilə Ermənistan arasında normallaşma istiqamətində atılan addımlar İrəvan üçün fürsətdir. Bu fürsətin dəyərləndirilməməsi isə Ermənistanın regional mövqeyini çətinləşdirə bilər.
Mənbə: Ana Akım
Aytən Əhmədova