Qarabağa Böyük Qayıdış: ermənilərlə birgəyaşayış mümkündürmü?
“Azərbaycanın işğaldan azad edilən ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" milli maraqlarımızı, dövlətçiliyimizi dəstəkləyən tarixi sənəddir. Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin aparılması və əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, eyni zamanda gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər Dövlət Proqramında əks olunan vacib məsələlərdəndir.
Dövlət Proqramının əsasında iqtisadi inkişafın dəstəklənməsi, təhlükəsizlik, qabaqcıl infrastrukturun qurulması, müasir yaşayış məntəqələrinin yaradılması, ekoloji təmiz mühitin təmin edilməsi kimi əsas faktorlar durur. Belə ki Proqramın icrası çərçivəsində işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir.
Bütün bunlarla yanaşı qarşıda duran əsas məsələlərdən biri də Qarabağın erməni əsilli əhalisi ilə azərbaycanlıların birgəyaşayışıdır. Bu məsələ ilə bağlı Prezident İlham Əliyev çıxışları zamanı dəfələrlə qeyd edib ki, Azərbaycan vətəndaşı olan dinc ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşaması üçün heç bir problem yoxdur.
Bu mövzu ilə bağlı anket sorğu keçirdik. Nəticə və insanların bu məsələyə münasibəti kifayət qədər maraqlı və düşündürücü oldu. Nəzərə alsaq ki, mövzu yetərincə həssasdır, insanların fərqli yanaşmaları da normaldır. Onlayn sorğuda 36 nəfər iştirak etdi. Onlardan 76.3%-i qadın, 23.7%-i kişidir. İştirakçılar əsasən tələbə, müəllim, həkim, jurnalist, marketinq menenment və digər peşə sahibləridir. Böyük Qayıdış Planına əsasən ermənilərlə birgəyaşayışa hazırsınızmı? sualına əsasən “xeyr” cavabı verildi.
.png)
.png)

Birgəyaşayış nəticəsində azərbaycanlılarla ermənilər arasında konflikt görə bilərikmi?
sualına isə əksəriyyət “bəli” cavabını verib.
.png)

.png)
Sorğuda bir örnək sualla da müraciət olundu. Tutalım ki, Qarabağda dərs keçən müəllimsiniz, erməni uşaqları ilə azərbaycanlı uşaqlar arasında fərq qoyarsınızmı? deyə növbəti suala isə yenə daha çox “bəli” cavabı verilib.

.png)
.png)
“Qarabağa Böyük Qayıdış” planına hansı əlavələrin edilməsini istərdiniz? sualına müxtəlif cavablar verilib. Ümumiləşdirsək, əsasən sorğu iştirakçıları ermənisiz Qarabağ arzuladığını, onlara güvənmədiklərini, bu qədər qan yaddaşından sonra onlarla birgə yaşamağın çətin olacağını vurğulayır.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri - Əziz Əlibəyli mövzu ilə bağlı öz fikirlərini paylaşdı. O qeyd etdi ki, müharibənin yaraları kifayət qədər dərindir: “Son 30 il birmənalı şəkildə qarşıdurma ilə keçib və bu yaraların dərhal sağalması, unudulması mümkün deyil. Lakin Vətən müharibəsi bu gedişatı dəyişdi. Sosial Tədqiqatlar Mərkəzi 44 günlük müharibədəki zəfərdən sonra "ermənilərlə birgəyaşayışa necə münasibət bəsləyirsiz?" sorğusunu keçirib. Əhalinin 66,2%-i Qarabağda azərbaycanlılarla ermənilərin heç vaxt birgəyaşayışının mümkün olmayacağını, 19,4% isə bir neçə ildən sonra bunun mümkünlüyünü vurğulayıb”.
Əziz bəy birgəyaşayışın Azərbaycan toplumu üçün faydalı və zərərli cəhətlərinə də toxundu: “Birgəyaşayışın Azərbaycan toplumu üçün zərərli tərəfi o ola bilər ki, burada müəyyən mənəvi məsələlər var. Yəni şəhid ailələrinin münasibəti, məcburi köçkünlərin münasibəti, döyüşdə iştirak edənlərin sosial-psixoloji durumu müəyyən neqativ nəticələr yarada bilər. Faydalı tərəfi də oldur ki, inteqrasiya Azərbaycan cəmiyyətinə imkan verməlidir ki, o erməniləri də əritsin, inteqrasiya etsin, düşmənçilik aradan qalxsın. Bu konfilikt keçmişin arxivinə gömülsün. Və Azərbaycan üçün əbədi davam edəcək bir qalibiyyət tarixi kimi qalsın”.
Müsahibim qeyd elədi ki, birgəyaşayış planı ətrafında mümkün tərəddüdlər də mövcuddur: “Birgəyaşayış nə cür təşkil olunacaq ? Burada ermənilərin təxribat törətmək üçün imkanları olacaqmı ? Ermənistan ermənilərinin Qarabağ erməniləri üzərindəki təsiri hansı formada olacaq ? Bu həmin faktorla bağlıdır ki, Qarabağda yaşayan ermənilər seperatçı, terrorçu təfəkküründən arınsın”.
Ləman Bayramlı, BDU Jurnalistika fakültəsinin tələbəsi
