Qaraj girişlərini bağlayan sürücülərə 20 manat cərimə
Şəhərdə və yaşayış komplekslərinin həyətlərində avtomobillərin qaydasız şəkildə park edilməsi son vaxtlar ciddi narazılıqlara səbəb olur. Sürücülərin nəqliyyat vasitələrini qaraj girişlərinin qarşısında, dar keçidlərdə və digər nəqliyyatın hərəkətinə mane ola biləcək yerlərdə saxlaması həm digər sürücülərin, həm də sakinlərin gündəlik həyatını çətinləşdirir. Bu cür hallar bəzən saatlarla vaxt itkisinə, hətta təcili vəziyyətlərdə ciddi problemlərə yol açır. Qanunvericiliyə əsasən, dayanma və durma qaydalarının pozulmasına görə inzibati cərimələr tətbiq olunur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu problemin kökü tikinti özbaşınalığı və şəhərsalma sahəsindəki bəzi nöqsanlarla bağlıdır:
“Belə ki, qeyd etdiyiniz yaşayış və qeyri-yaşayış obyektlərinin əksəriyyətində parklanma yerləri mövcud deyil. Halbuki Bakı şəhərində qüvvədə olan tikinti və şəhərsalma qaydalarına əsasən, bütün obyektlər parklanma sahəsi ilə təmin olunmalıdır. Lakin reallıqda yaşayış binaları tikilir, amma parklanma yerləri nəzərə alınmır. Nəticədə vətəndaşlar avtomobillərini məcburiyyət qarşısında yol kənarlarında, qadağan olunan ərazilərdə və yaşayış məhəllələrində saxlayırlar. Bu isə əlavə problemlərə səbəb olur. Digər tərəfdən, yaşayış obyektləri ilə alış-veriş mərkəzləri, klinikalar və restoranlar demək olar ki, bir-birinə bitişik şəkildə inşa edilir. Bu obyektlərə gələn ziyarətçilər və orada çalışan şəxslər avtomobillərini sakinlərin yaşadığı məhəllələrdə park edirlər. Məsələn, Nərimanov rayonunda sakinlər demək olar ki, hər həftə şikayət edirlər ki, öz məhəllələrinə avtomobillə rahat girib-çıxa bilmirlər. Çünki ətrafdakı klinikaların, restoranların, pubların və digər obyektlərin ziyarətçiləri və işçiləri avtomobillərini məhəllə daxilində saxlayaraq sakinlərə maneə yaradırlar. Bu vəziyyət nəqliyyat vasitələrinin, o cümlədən təcili tibbi yardım və kommunal xidmət maşınlarının da əraziyə giriş-çıxışını çətinləşdirir. Bu, tikinti özbaşınalığının və şəhərsalma qaydalarına əməl olunmamasının bariz nümunəsidir. Ona görə də mövcud qaydalara ciddi riayət olunmalıdır. Bakı şəhərində tikilən hər bir yaşayış və qeyri-yaşayış obyekti mütləq parklanma ilə təmin edilməlidir. Əgər bu mümkün deyilsə, belə obyektlərin şəhər kənarında tikilməsi daha məqsədəuyğun hesab olunur”.
Gövhər Mehyəddinova