Qaranlıq maddənin ilk izi tapılıb?
Alimlər qaranlıq maddənin ilk dəfə birbaşa aşkar edilməsinə bir addım daha yaxınlaşdıqlarını düşünürlər. Lakin əldə olunan nəticələr hələ müstəqil tədqiqatçılar tərəfindən təsdiqlənməyib.
Bristol Universitetinin alimlərinin də iştirak etdiyi ikiillik araşdırma kainatın 85 faizindən çoxunu təşkil etdiyi düşünülən görünməz maddənin aşkar edilməsinə yönəlib.
Tədqiqatçılar ABŞ-də yerin dərinliklərində yerləşən laboratoriyada dünyanın ən həssas qaranlıq maddə detektorlarından birindən istifadə ediblər. Müşahidələr zamanı atomla naməlum hissəciyin toqquşması qeydə alınıb.
Araşdırmanın aparıcı tədqiqatçısı, fizik doktor Sem Eriksen bildirib ki, bu nəticə “qaranlıq maddəni hissəcik kimi anlamaq üçün ilk addım” ola bilər. Bununla belə, əlavə araşdırmalar həmin hissəciyin qaranlıq maddə ilə əlaqəsinin olmadığını da göstərə bilər.
Bristol Universitetinin baş elmi əməkdaşı əldə olunan nəticəni uzunmüddətli elmi səylərdən sonra “inanılmaz dərəcədə həyəcanverici” hadisə kimi qiymətləndirib.
Alimlər qaranlıq maddənin mövcudluğuna uzun illərdir əmindirlər. Bunun əsas səbəbi onun kainatdakı maddənin böyük hissəsini təşkil etdiyinə dair müşahidələrdir. Lakin qaranlıq maddə işığı əks etdirmədiyi üçün görünməzdir və indiyədək birbaşa aşkar edilməyib.
İki il ərzində altı ölkədən 39 elmi müəssisənin 250 alimi və mühəndisi LUX-ZEPLIN (LZ) adlı detektordan əldə edilən məlumatları ətraflı şəkildə araşdırıb.
LZ ABŞ Energetika Nazirliyinin Sanford Yeraltı Tədqiqat Mərkəzində yerləşir. Cənubi Dakotada yerləşən bu obyekt ABŞ-nin ən dərin yeraltı laboratoriyasıdır və yerin təxminən 1,5 kilometr dərinliyində yerləşir.
Mütəxəssislər bildirirlər ki, əldə olunan nəticələr qaranlıq maddənin təbiətinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıya bilər. Lakin kəşfin təsdiqlənməsi üçün əlavə müşahidələr və müstəqil araşdırmalar tələb olunur.
Güllər Gülhüseynova