00:00:00
Yazar
Admin User
24.12.2025 17:33 85 2 dəq oxuma
İqtisadiyyat

Qarşılıqlı investisiyalar

Qarşılıqlı investisiyalar

Türkiyənin ticarət naziri Ömer Bolat Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsinin Ankara üçün əsas prioritetlərdən biri olduğunu bildirib. Nazir qeyd edib ki, əsas məqsəd Azərbaycanla Azad Ticarət Sazişi çərçivəsində ticarət münasibətlərinin tam liberallaşdırılmasına nail olmaqdır. Bu istiqamətdə texniki işlərin davam etdiyini və aidiyyəti qurumlar arasında müzakirələrin aparıldığını vurğulayıb.

 

Ömer Bolatın sözlərinə görə, son illər Türkiyə–Azərbaycan iqtisadi əlaqələri dinamik şəkildə inkişaf edir. 2024-cü ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çataraq təxminən 8 milyard ABŞ dolları təşkil edib. Bu göstəricinin ikitərəfli əməkdaşlığın real nəticəsi olduğunu deyən nazir, mövcud potensialın daha geniş olduğunu bildirib.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, yalnız ticarət dövriyyəsinin artması yox, eyni zamanda qarşılıqlı investisiyaların artırılması da mühüm məsələdir:

 

“Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi son illərdə sürətlə artır və bu, təbii və müsbət bir inkişafdır. Lakin ticarət strukturuna diqqət yetirdikdə, bəzi balanssızlıqlar nəzərə çarpır. Belə ki, Azərbaycan Türkiyəyə əsasən enerji daşıyıcıları – neft, qaz, neft məhsulları, təbii qazdan alınan gübrə və bəzi elektrik avadanlıqları ixrac edir.  

 

Əvəzində isə Türkiyədən Azərbaycana olduqca geniş çeşiddə məhsullar – kənd təsərrüfatı məhsulları, hazır geyimlər, məişət texnikası, avtomobil ehtiyat hissələri və s. idxal olunur. Yəni, ticarət bazarı daha da liberallaşarsa, Türkiyənin ixrac potensialının yüksək olması səbəbindən onun Azərbaycana daha çox məhsul ixrac etməsi ehtimalı böyükdür.  

 

Bu səbəbdən yalnız ticarət dövriyyəsinin artması yox, eyni zamanda qarşılıqlı investisiyaların artırılması da mühüm məsələdir. Məsələn, Azərbaycanda neft-kimya sənayesi sahəsində müəyyən potensial mövcuddur və bu sahəyə Türkiyənin tanınmış şirkətlərini – məsələn, dünyanın 100-dən çox ölkəsində məhsullarını satan Petlas kimi istehsalçıları cəlb etmək mümkündür.

 

Bu cür əməkdaşlıq həm sənaye kooperasiyasını genişləndirər, həm də iki ölkənin birgə istehsal etdiyi məhsulların digər xarici bazarlara çıxış imkanlarını artırar. Beləliklə, iqtisadi əlaqələr təkcə ticarət mübadiləsi ilə məhdudlaşmaz, eyni zamanda strateji əməkdaşlıq səviyyəsinə yüksələr”.

 

Aydan Əsgərxanlı 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər