Qastronomiyada yeni trendlər və dadların dili
Qastronomiya artıq sadəcə yemək bişirmək deyil, həm də zövq, kreativlik və yeni dad axtarışlarının birləşdiyi sahəyə çevrilib. Azərbaycan mətbəxi də bu dəyişikliklərdən kənarda qalmır və müasir təqdimatla öz zəngin dadlarını dünyaya tanıtmaq imkanı qazanır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında jurnalist, qida eksperti İlkin Məmmədkərimov bildirib ki, son vaxtlar qastronomiyada diqqət çəkən tərəf fərqli dadların bir-birinə qarışdırılmasıdır:
“Məsələn, Avropa ölkələrinə məxsus hər hansı yeməyin,salatın içərisinə Asiya ölkələrində məşhur olan bir inqrediyent əlavə olunur və bu dadlar sintez olunur. Yeni bir dad olaraq müştərilərə təqdim olunur. Daha sonra vegan, vegetarianlar üçün restoranlar yeni dadlar təqdim edir. Azərbaycan mətbəxinin də dünyaya çıxmaq potensialı var. Bizim çeşidli olaraq Azərbaycan mətbəxinə məxsus dolma, plov, şirniyyatlarımız var. Dəfələrlə dünyanın məşhur kanalları Azərbaycan mətbəxi ilə bağlı ayrıca bir layihələr hazırlayıblar.
Eyni zamanda müsahibimiz bildirib ki, dünyada həyəcan təbili çalan mövzulardan biri də yağlı, şəkərli qidaların ziyanıdır:
“Bir çox təşkilatlar insanları bu cür qidalardan uzaq durmağa çağırır. Qastronomiyanı az şəkərli və az yağlı qidalardan istifadə edərək sağlam qidalanma ilə uzlaşdırmaq olar. Çünki bu günkü gündə əksər xəstəliklərin kökündə sırf şəkər və yağ durur”.
Banuçiçək Məmmədova
