"Qayda pozan şəxsi paylaşarkən özünüz müqəssir ola bilərsiniz" – Hüquqşünas Ayxan Məmmədli
Qayda pozuntusunu, etikadan kənar davranışı və ya hər hansı bir münaqişəni dərhal kameraya çəkirik. Lakin bu görüntüləri sosial şəbəkələrdə "ifşa" adı altında paylaşmaq göründüyü qədər təhlükəsizdirmi?
Mövzu ilə bağlı hüquqşünas Ayxan Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, küçədə çəkiliş etmək qanunla qadağan edilməsə də, həmin kadrların internetdə yayılması ciddi hüquqi risklər daşıyır:
"İctimai yerlərdə gizlilik gözləntisi aşağı olduğu üçün şəxsi videoya çəkmək, qayda olaraq, qanunla qadağan deyil. Xüsusilə də məqsəd yol hərəkəti qaydalarının pozulması və ya hər hansı cinayətin sənədləşdirilməsidirsə, bu çəkiliş ictimai marağa xidmət edir. Azərbaycan qanunvericiliyi faktı təsdiq edən video və səsi maddi sübut kimi qəbul edir və bu kadrlar istintaq orqanlarına təqdim oluna bilər. Lakin bu videonu sosial şəbəkələrdə paylaşmaq tamamilə fərqli bir məsələdir".
Hüquqşünas qeyd edib ki, videonun ictimaiyyətə açıq şəkildə yayılması şəxsin şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə bilər. Hətta hadisə küçənin ortasında baş versə belə, şəxsiyyəti alçaldan informasiyaların yayılması hüquqi məsuliyyət yaradır:
"Şəxsin icazəsi olmadan kadrların yayımlanması onun şərəf və ləyaqətinin tapdalanması kimi iddia qaldırmasına əsas verir. Xüsusilə videonun altındakı şərh bölməsində şəxsə böhtan atılması və ya təhqir olunması ayrıca bir cinayət tərkibi yaradır. Videonu montaj edərək yanlış kontekstdə təqdim etmək isə məsuliyyəti daha da ağırlaşdırır. Unutmaq olmaz ki, ifşa etmək istədiyiniz şəxs haqqında alçaldıcı məlumat yaymaqla özünüzü hüquqi zərbə altında qoyursunuz".
Vətəndaşlara ən doğru yolu göstərən hüquqşünas rəqəmsal etikaya və qanunlara hörmət etməyin vacibliyini vurğulayıb. Ayxan Məmmədlinin sözlərinə görə, əsas məqsəd "ifşa" yox, "ədalət" olmalıdır:
"Ən doğru və təhlükəsiz yol videonu yalnız hüquq-mühafizə orqanlarına təqdim etməkdir. Əgər görüntünü mütləq paylaşmaq lazımdırsa, şəxsin üzü və kimliyi tanınmaz hala gətirilməlidir. İnsanlar rəqəmsal dünyada hər şeyi paylaşmağın azadlıq olduğunu düşünürlər, lakin başqasının hüququnun başladığı yerdə bu azadlıq bitir. Hüquq mütəxəssisləri olaraq biz, qayda pozanları sosial şəbəkədə linç etmək əvəzinə, rəsmi qaydada məsul orqanlara məlumat verməyi tövsiyə edirik".
Küçədə qayda pozuntusunu videoya çəkmək bir vətəndaş borcu olsa da, onu "paylaşmaq" hər an hüquqi tələyə çevrilə bilər. Ədaləti bərpa etmək istəyərkən özümüzün qanun qarşısında cavabdeh duruma düşməməyimiz üçün rəqəmsal addımlarımızı daha ehtiyatla atmalıyıq.
Lalə Əhməd