Qaz ixracından gəlirlər artıb
Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 18 milyard 527 milyon 807,87 min kubmetr təbii qaz ixrac edib. İxrac edilən qazın ümumi dəyəri 6 milyard 698 milyon 557,55 min ABŞ dolları təşkil edib.
Rəqəmlər ötən ilin eyni dövrü ilə müqayisədə qaz ixracının həcminin 1,1 %, dəyərinin isə 10,2 % artdığını göstərir.
Ümumilikdə, hesabat dövründə Azərbaycan xarici ölkələrlə 35 milyard 376 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bunun 18 milyard 606 milyonu ixracın, 16 milyard 769 milyonu isə idxalın payına düşüb. Son bir ildə ixrac 6,3 % azalsa da, idxal 14,5 % artıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən iqtisadçı Pərviz Heydərov bildirib ki, Azərbaycanın qaz ixracı coğrafiyası genişlənməkdə davam edir:
“Hazırda 12 ölkəyə qaz ixrac edirik. Bu rəqəm gələcəkdə daha da yüksələ bilər. Avropaya qaz ixracımızın həcmi 2027-ci ilə qədər üç dəfə artacaq. Biz eyni zamanda bəzi ölkələrdən də qaz alırıq — bu, ixrac prosesində fasilələrin yaranmaması üçün edilir. Xaricə ixracı əsas götürüb qaz alımını dayandırmaq düzgün olmaz. Qaz ixracının dəyərinin artması dünya bazarındakı qiymət dəyişiklikləri ilə bağlıdır. 2025-ci ilin əvvəlində qazın dəyərinin yüksəlməsi gözlənilir. Həcmin bir qədər azalmasına baxmayaraq, qiymətlərin artması gəlirlərimizin çoxalmasına səbəb olub".
Aygün Babayeva
