00:00:00
Yazar
Admin User
20.01.2026 18:13 76 2 dəq oxuma
Dünya

Qazaxıstan Konstitusiyası yenidən yazıla bilər

Qazaxıstan Konstitusiyası yenidən yazıla bilər

Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev bildirib ki, ölkə Konstitusiyasının preambulası milli dəyərləri açıq şəkildə əks etdirən və zaman keçsə belə aktuallığını qoruyan formada yenidən yazılmalıdır.

 

Tokayev bunu Qızılorda şəhərində keçirilən Milli Qurultayın 5-ci iclasında çıxışı zamanı deyib.

 

Prezident Tokayev ölkədə birpalatalı parlamentə keçid də daxil olmaqla digər islahatların həyata keçirilməsi üçün 30 il əvvəl qəbul edilmiş mövcud Konstitusiyanın yenidən yazılmasının zəruri olduğunu bildirib.

 

Konstitusiyaya sonuncu dəfə 2022-ci ildə dəyişikliklər edildiyini xatırladan Tokayev, bunun yeni islahatların icrası üçün yetərli olmadığını vurğulayıb. Onun sözlərinə görə, parlament islahatı çərçivəsində ilkin olaraq Konstitusiyanın təxminən 40 maddəsinin dəyişdirilməsi planlaşdırılsa da, iş prosesində dəyişikliklərin sayının daha çox olduğu üzə çıxıb. Tokayev qeyd edib ki, 2022-ci ildə Konstitusiyanın 33 maddəsi yenilənib, lakin hazırda nəzərdə tutulan dəyişikliklər daha genişmiqyaslıdır.

 

Bunun faktiki olaraq yeni Konstitusiyanın qəbul edilməsi anlamına gəldiyini bildirən Tokayev “Buna görə də Konstitusiya Komissiyasının yaradılması barədə qərar verdim. Sabah müvafiq sərəncam imzalayacağam”,- deyə bildirib.

 

Prezident qeyd edib ki, Konstitusiya Məhkəməsinin sədrliyi altında yaradılacaq komissiya 100-dən çox sahə üzrə mütəxəssisdən ibarət olacaq. Komissiyanın hazırladığı təkliflər nəzərdən keçirildikdən sonra referendumun tarixi müəyyən ediləcək.

 

Tokayev xüsusilə yeni Konstitusiyanın preambulasının milli dəyərləri açıq şəkildə əks etdirən və zaman keçsə belə aktuallığını qoruyan formada yenidən yazılmasının vacibliyinə diqqət çəkərək bildirib ki, sənəddə Qazax torpaqlarında sivilizasiya və dövlətçilik ənənələrinin nə qədər dərin tarixə malik olduğu aydın şəkildə göstərilməlidir.

 

Bu yolla Qazaxıstanın ucsuz-bucaqsız bozqırlarda qurulmuş böyük dövlətlərin varisi olduğunu bəyan etdiklərini deyən Tokayev, Konstitusiyaya “Hamımız ədalətli Qazaxıstanı ən ali məqsəd kimi qəbul edirik və ona çatacağıq” prinsipinin də daxil edilməsini təklif edib.

 

Prezident həmçinin Konstitusiyada prezident seçkiləri ilə bağlı maddənin bəzi hissələrinin daha dəqiq şəkildə ifadə olunmasının zəruri olduğunu vurğulayıb.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər