“Qazaxıstan TRIPP marşrutunu dəstəkləyir”
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüş zamanı ölkəsinin Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) təşəbbüsünü dəstəklədiyini bildirib. Tokayev qeyd edib ki, TRIPP Orta Dəhlizin gələcək inkişafını sürətləndirə və regional nəqliyyat əlaqələrini gücləndirə bilər.
Görüş çərçivəsində Qazaxıstan və ABŞ arasında dəyəri 17 milyard dollardan çox olan kommersiya sazişləri alqışlanıb. Liderlər strateji tərəfdaşlığın genişləndirilməsi və beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Tokayev ABŞ-nin daha təhlükəsiz və firavan dünyanın təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli "İnformator.az"a açıqlamasında bildirib ki, Qazaxıstan Prezidentinin xüsusən Azərbaycanın bu prosesə qoşulmasını təklif etməsi və dəstəkləməsi olduqca iqtisadi və siyasi əhəmiyyət daşıyır:
"Əgər xatırlayırsınızsa, Trampla Tokayevin təkbətək görüşü zamanı, ümumiyyətlə, Orta Asiya dövlətlərinin rəhbərləri ilə görüşü zamanı maraqlı bir fikir işlətdi və bildirdi ki, buna qədər olan ABŞ Prezidentləri Orta Asiya regionunu, Mərkəzi Asiya regionunu həmişə diqqətdən kənarda saxlayıb. Amma bu region Böyük İpək Yolu kimi çox əhəmiyyətli marşrutun bir tərkib hissəsidir və bunun xüsusi əhəmiyyətli olduğunu vurğulayıb. Bildirib ki, Trampın hədəfində bu bölgə ilə çox ciddi əməkdaşlıq və Amerika Mərkəzi Asiya dövlətləri arasındakı əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Qazaxıstan Prezidenti Tokayev də, eyni zamanda Trampla müzakirələrində Azərbaycanın da bu prosesdə, bu kommunikasiyada iştirakçı olmağını, bu danışıqlara cəlb olunmasını xüsusi tövsiyə şəklində bildirdi və burada maraqlı bir konfiqurasiyanın ortalığa çıxdığını biz əsasını gördük".
Həmçinin müsahib bildirib ki, dövlətlərin bu kommunikasiya dəhlizinə qoşulması və onun fəaliyyətində iştirak etməsi, Azərbaycan üçün tranzitdən gələn gəlirlərin iqtisadi əhəmiyyətinin nə qədər böyük olduğunu açıq şəkildə göstərir:
"Amerika Birləşmiş Ştatlarının, həmçinin Avropanın Böyük İpək Yolu vasitəsilə Orta Asiyadan, Azərbaycan ərazisindən keçərək Türkiyə üzərindən Çinlə birləşməsinə, bu yoldan iqtisadi və səmərəli yükdaşımalar kimi istifadə olunmasına gətirib çıxaracaq. Mən hesab edirəm ki, bu həm də təhlükəsizlik baxımından ciddi rola malikdir. Bilirsiniz ki, bunun əsas bir hissəsi həm də Zəngəzur dəhlizinin üzərinə düşür. Zəngəzur dəhlizinin də bu sistemdə əsas ötürücü rol oynaması, təbii ki, iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də bütün regionun, Cənubi Qafqaz regionunun təhlükəsizlik məsələsinin həllində ciddi əhəmiyyətə malik bir kommunikasiya olacaq və bu, kifayət qədər ciddi bir görüşdü. Amerika Birləşmiş Ştatlarında Asiya dövləti başçılarının görüşü vacibdir. Mən hesab edirəm ki, orada Qazaxıstan Prezidentinin xüsusən Azərbaycanın bu prosesə qoşulmasını təklif etməsi və dəstəkləməsi olduqca iqtisadi və siyasi əhəmiyyət daşıyır".
Eslanda Kulieva
