Qazaxıstanın 58 universitetində 333 Azərbaycan vətəndaşı təhsil alır
2025-ci ilin yekunlarına görə, Qazaxıstan və Azərbaycan arasında ali təhsil sahəsində tələbə mübadiləsi və universitetlərarası əməkdaşlıqda ciddi artım müşahidə olunur. Hazırda Qazaxıstanda 333 azərbaycanlı, Azərbaycanda isə 164 qazaxıstanlı tələbənin təhsil alması fonunda tərəflər arasında yeni əməkdaşlıq müqavilələrinin imzalanması planlaşdırılır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, bu artım sadəcə statistik göstərici deyil, təhsilin keyfiyyətinə birbaşa təsir edən mühüm prosesdir:
"Tələbə fərqli akademik mühitə daxil olduqda yalnız yeni biliklər deyil, həm də fərqli metodologiyalar və yanaşmalar mənimsəyir. Bu, onun həm peşəkar, həm də fərdi inkişafına birbaşa təsir göstərir. Eyni proqramı iki fərqli ölkənin təcrübəsində öyrənən tələbə daha çevik və analitik düşüncə qazanaraq qlobal əmək bazarına daha hazırlıqlı olur".
Ekspert qeyd edib ki, universitetlərarası əlaqələr artıq yalnız tələbə mübadiləsi ilə məhdudlaşmır:
"Akademik mobillik: Müəllimlərin qarşılıqlı səfərləri və təcrübə mübadiləsi; elmi fəaliyyət: ortaq tədqiqat layihələri və beynəlxalq konfranslar; strateji hədəf: ikili diplom proqramlarının tətbiqi.
Bu rəqabət mühiti ali məktəbləri beynəlxalq standartlara uyğunlaşmağa sövq edir, nəticədə tədrisin məzmunu yenilənir və elmi fəaliyyət daha məhsuldar olur. Yaxın gələcəkdə imzalanacaq yeni memorandumlar bu prosesi daha da dərinləşdirəcək. Gözlənilən əsas yeniliklər bunlardır: tələbələr üçün yeni təqaüd imkanları; kreditlərin qarşılıqlı tanınması prosesinin sadələşdirilməsi; müəyyən ixtisaslar üzrə ortaq diplom proqramlarının açılması".
Sonda ekspert vurğulayıb ki, bu əməkdaşlıq regionda təhsilin beynəlxalqlaşmasına xidmət edir və gənclərin dünyagörüşünü daha geniş müstəviyə çıxarır.
Reyhan Quliyeva