00:00:00
Yazar
Zəhra Həsənova
20.08.2026 11:17 46 2 dəq oxuma
İqtisadiyyat

Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi artıb - İQTİSADÇI

Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi artıb - İQTİSADÇI

2026-cı ilin ilk yarısında Qazaxıstanla Azərbaycan arasında xarici ticarət dövriyyəsi 206 milyon dolları ötüb. Hesabat dövründə Qazaxıstandan Azərbaycana ixrac 179,1 milyon dollar, Azərbaycandan Qazaxıstana ixrac isə 27,2 milyon dollar təşkil edib. 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, ilk yarımildə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin 206 milyon dolları ötməsi iki ölkə arasında iqtisadi əlaqələrin getdikcə genişləndiyini göstərir:

 

“Bu göstərici hələ böyük potensialla müqayisədə yüksək deyil, lakin müsbət dinamika var. Azərbaycan və Qazaxıstan arasında siyasi münasibətlərin yüksək səviyyədə olması, qarşılıqlı investisiyaların artması və nəqliyyat əlaqələrinin inkişafı ticarətin genişlənməsi üçün əlverişli şərait yaradır. Azərbaycandan Qazaxıstana ixracı artırmaq üçün xüsusilə, kənd təsərrüfatı və ərzaq məhsulları, meyvə-tərəvəz, emal olunmuş qida məhsulları, şirələr, şirniyyat və digər qeyri-neft məhsulları üzrə imkanları böyükdür. Bundan əlavə, kimya sənayesi, tikinti materialları, plastik və digər sənaye məhsullarının ixracı da artırıla bilər. Burada əsas məsələ yalnız məhsul istehsalını artırmaq deyil, Qazaxıstan bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli qiymət və keyfiyyət təmin etməkdir”.

 

İqtisatçının sözlərinə görə, Orta Dəhlizin inkişafı isə Azərbaycan-Qazaxıstan ticarət əlaqələrinə ciddi təkan verə bilər:

 

“Azərbaycan və Qazaxıstan bu marşrutun əsas iştirakçılarıdır və Bakı ilə Aktau limanları arasında əlaqələrin güclənməsi daşımaların sürətini və səmərəliliyini artıra bilər. Logistika xərclərinin və tranzit müddətinin azalması nəticəsində iki ölkə arasında həm hazır məhsulların, həm də kənd təsərrüfatı və sənaye məhsullarının daşınması daha əlverişli olacaq. Bu baxımdan, Orta Dəhliz yalnız tranzit layihəsi deyil, Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarətin və yeni biznes əlaqələrinin genişlənməsi üçün mühüm iqtisadi platformadır”.

 

Selcan Xudiyeva

#baki #dövriyyəsi #artıb #ticarət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər