Qazinin Xatirələri
44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüm nöqtəsi olub. Bu qələbə təkcə torpağın azadlığı deyil, eyni zamanda şəhidlərimizin canı, qazilərimizin igidliyi hesabına əldə edilib. Hər günün gərginliyi və hər anın önəmi xalqımızın birlik və iradəsinin simvolu olaraq gələcək nəsillərə əbədi iz qoyub.
Mövzu ilə bağlı “İnformator.az”saytına açıqlamasında 44 günlük müharibə iştirakçısı qazi Əfqan Zamanov bildirib ki, Döyüş zamanı texnika və informasiya çox böyük önəm daşıyır, ancaq orada həlledici amil əsgərdir:
“Qalibiyyəti bizə gətirən bizim iradəmiz, birliyimiz, torpağa bağlılığımız, mərd döyüşcülərin gecə-gündüz postlarda fədakarlığımız olub. Texnika və informasiya ilə yanaşı bizə qalibiyyəti gətirən əsas amillər bunlar olub. Müharibənin dönüş nöqtəsi Şuşanın azad olunması idi. Şuşa böyük strateji yüksəklikdə yerləşir, şəhərin ələ keçirilməsi zamanı düşmənin müdafiə xətti yarılıb və düşmənin əlavə xəttləri də zərbə altında qoyulub. Bu isə müharibənin taleyini sürətlə dəyişdi. Düşmən isə həmin an daha aydın dərk etdi ki, Azərbaycan ordusu düşündüklərindən qat-qat güclüdür.
Müharibənin hər saniyəsi, dəqiqəsi yaddaşımızda dərin iz buraxıb. Yaralı döyüş yoldaşlarımızın üzlərindəki təbəssüm, şəhadət zamanı bir-birimizə bəxş etdiyimiz sevgi dolu gülüşlər yaddaşımda unudulmaz izlər buraxıb. Hər şeyin yaxşı olacağına ümidimiz daim var idi. Tanrıya şükürlər olsun biz bunu bacardıq. Mənim üçün ən dərin xatirə yaralı dostumu ərazidən uzlaqlaşdırarkən onun mənə baxan gözlərindəki unudulmaz ifadədir. O anın dərinliyini anlatmaq üçün sözlər kifayət etmir, ancaq bu danılmazdır ki, bu xatirə əbədi olaraq ürəyimdə yaşayacaq. Müharibəni onu öyrətdi ki, insaları daha yaxşı tanımağı öyrəndim. Eyni zamanda müharibə bitdikdən sonra özümə bir sual verdim. Yenidən müharibə olsa mən bir daha iştirak edərəmmi?! Qısa zamanda bu sualı cavabladım. Bəli, yenə gedərəm və buna görə peşmanlıq hissi də duymaram. Vətən canımdır, lakin bir neçə sualım cavabsız qaldı. Müharibə oldu, vətənin igid oğulları iştirak etdi və şəhidlərimiz ,qazilərimiz oldu. Cavabını tapa bilmədiyim suallar isə müharibədə zəfərimizi əldə etdikdən sonra niyə Azərbaycanın milli ruhunu ucuzlaşdıran insanlar daimi olaraq gündəmdədir? Müharibədən və onun çətinliklərdən kənar duranlar nəyə görə yüksək vəzifələrdə yer alır? Niyə biz yalnız müəyyən günlərdə xatırlanırıq? Bu sualların cavabını hələ də tapa bilməmişəm”.
Ədilə Hüseynzadə
